Rüstəm Emoməli Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzülüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Qeyd edək ki, ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə müşayiət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR