Rusiya-Ukrayna böhranında NƏZƏRLƏR TÜRKİYƏDƏ:

“Həm Rusiya, həm də Ukrayna Türkiyə üçün siyasi və iqtisadi əlaqələr baxımından önəmli dövlətlərdir. Türkiyə bu böhranda mühüm aktordur. Türkiyə iki dövlət arasında balans siyasətini davam etdirərək böhran dövründə ikitərəfli danışıqlar və beynəlxalq təşkilatlar çərçivəsində qərəzsiz və fəal siyasət yürüdür”.

Bu fikirləri Metbuat.az-a özəl olaraq ANKA İnstitutu Məsləhət Şurasının üzvü, siyasi elmlər doktoru, politoloq Yeşim Demir söyləyib.

Müsahibimizin şərhinə görə, Rusiya-Ukrayna böhranı regional təhlükəsizlik və iqtisadi təsirlər baxımından çox önəmlidir. Region ölkələri arasında böhran zamanı ən çox zərər çəkə biləcək ölkə Türkiyədir. Onunla olan müsahibəni təqdim edirik:


- Yeşim xanım, Türkiyəyə turistlərin təqribən 20 faizi Rusiya və Ukraynadan gəlir. Son vaxtlar Rusiya-Ukrayna cəbhəsində baş verənlər Türkiyənin turizm potensialına necə təsir edəcək?

“Türkiyənin yuxarıda adları çəkilən dövlətlərlə qazdan taxıla, turizmə qədər bir çox sahədə iqtisadi əlaqələri var. Məsələn, 2021-ci ilin məlumatlarına görə, Türkiyəyə ən çox turist göndərən dövlət Rusiya, üçüncü dövlət isə Ukraynadır. Turizm mövsümünün açılmasına günlər qalmış belə böhran səbəbindən gözlənilən turistin gələ bilməməsi turizm gəlirlərinin azalmasına və kəsirin yaranmasına səbəb olacaq.

Ərzaq və enerji ehtiyatlarının əhəmiyyətli bir hissəsini idxal edən Türkiyə böhranın təsiri ilə qaz və neft qiymətlərindəki artımdan istər-istəməz mənfi təsirlənəcək. Rusiya və Ukraynadan taxıl idxalının əhəmiyyətli dərəcədə kəsilməsi kənd təsərrüfatında inflyasiyaya səbəb ola bilər. Rusiyaya tətbiq olunacaq sanksiyalar təbii ki, bu dövlətlə bağlı digər dövlətlərə də təsir edəcək”.


- 2018-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar zamanı İranla iş aparan dövlətlərə də sanksiyalar tətbiq edilmişdi. Bəs, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar Türkiyəyə necə iqtisadi təsir göstərəcək?

“Məsələn, Rusiyadan alınan S-400, Türkiyədə tikilən atom elektrik stansiyası müqaviləsi, taxıl idxalı və ixracı, enerji idxalı və qiymətləri ilə bağlı ciddi problemlər ola bilər. Bundan əlavə, türk sərmayəçilərinin Rusiya və Ukraynada iş görməsi, Rusiya qazını Türkiyə üzərindən Avropaya daşıyacaq “Türk axını” Qaz Boru Kəmərinə ortaq sərmayə qoyuluşu, İHA və SİHA-ların satışı mühüm yer tutur. Ukraynanın müdafiə sənayesində, hər iki dövlətlə strateji bağlarımızı göstərmək baxımından bu çox əhəmiyyətlidir. Qeyd olunan elementlərin kəsilməsi və ya dayandırılması onsuz da çətin vəziyyətə düşən iqtisadiyyatımıza daha da mənfi təsir göstərə bilər”.

- Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ukrayna tərəfi Türkiyədən Dardanel və Bosfor boğazlarının bağlanmasını rica etmişdi. Montrö konvensiyasına görə, Türkiyə boğazı bağlaya bilərmi?

“Türkiyə Rusiya-Ukrayna böhranıda mühüm aktordur. Yəni Türkiyənin 1936-cı il Montrö Konvensiyasına uyğun olaraq izləyəcəyi siyasət regional təhlükəsizliyimiz və təhdid altında olan Qara dənizin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Türkiyə Qazi Mustafa Kamal Atatürkün “Yurtta sülh, dünyada sülh” prinsipinə uyğun olaraq hər bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşır və göstərməkdə davam edir. Düşünürəm ki, bu böhranda da Türkiyə bölgənin əhəmiyyətli bir aktoru olaraq, böhranın böyüməsinin qarşısını ala biləcək siyasətlər təyin edərək balans siyasətini davam etdirməlidir.

Nəticə etibarı ilə Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərdə tərəf olmamalı, Rusiya ilə bağlanan razılaşmalardan və Ukraynanın boğazların bağlanması tələblərindən zərər görməmək üçün öz milli maraqlarını qorumalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR