Türkiyə iqtisadiyyatının "RUSİYA SINAĞI" -

“Türkiyənin iqtisadi əlaqələr baxımından ən böyük strateji əhəmiyyətli enerji və kənd təsərrüfatı idxalı Rusiyadan həyata keçirilir. Eləcə də türklərin xaricdəki ən böyük “birbaşa sərmayələri”, podratçıların öhdəsinə götürdüyü ən böyük işlər də Rusiyadadır. Türkiyəyə ən çox turist göndərən ölkə də Rusiyadır. Bu xüsusiyyətləri ilə Rusiya Türkiyənin ən çox ixrac etdiyi Almaniya ilə birlikdə Türkiyənin ən böyük iqtisadi tərəfdaşıdır”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq tanınmış türkiyəli iqtisadçı-ekspert Ersin Dedekoca edib. Onunla hazırladığımız geniş müsahibəni təqdim edirik:

1) Bildiyiniz kimi, Rusiya ABŞ və digər ölkələrin sanksiyaları səbəbindən iqtisadi baxımdan təzyiq altındadır. Tətbiq edilən sanksiyalar Rusiyanın digər ölkələrə ixracatında hansı əngəllər yarada bilər? Xüsusilə də Türkiyə üçün bu çətinliklərin miqyası nə qədər böyük olacaq?

“ Rusiya, ABŞ və digər ölkələrin təzyiqi, daha dəqiq desək, iqtisadi sanksiyalar və maneələrı altındadır. Bu vəziyyətin Moskvanın digər ölkələrlə, xüsusən də Türkiyə ilə xarici ticarətində ciddi çətinliklər yaradacağı aydındır. Daha kiçik miqyasda Ukrayna da Türkiyə üçün Rusiya kimidir. Türkiyənin bu ölkədə “birbaşa sərmayələri” var, podrat işləri intensiv gedir və xarici alışlarda mühüm paya malikdir. Türkiyəyə ən çox turist göndərən də üçüncü ölkədir. Həm Rusiya, həm də Ukrayna Türkiyə üçün vazkeçilməzdir. 2021-ci ilin son ilin statistik məlumatları Türkiyəyə gələn hər 100 turistdən 27-nin rus və ukraynalı olduğunu göstərir. Türkiyənin ən çox idxal etdiyi, ən böyük üç xarici ticarət tərəfdaşından biri, ən böyük təbii qaz tədarükçüsü, ən çox turist göndərən ölkə, ən çox buğda idxal edən ikinci ölkə Rusiyadır. Bura tikinti sektorunu da daxil edəndə 50 milyard dollarlıq ticarət həcminin olduğunu görəcəyik. Turizm baxımından 4,6 milyonu aşan turist ilə xüsusilə Antalya bölgəsi otelləri və meyvə-tərəvəz istehsalçıları üçün vazkeçilməzdir. Bundan başqa, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alıb. Rusiya Mersin Akkuyuda ilk atom elektrik stansiyasını tikir və türk kadrlarına işləmək üçün öyrədir. Bütün bunlar Rusiyanın Türkiyənin iqtisadiyyatına, ticarətinə, enerji istifadəsinə və müdafiəsinə təsirini göstərir. Sadaladığım bu strukturlar Türkiyə baxımından Rusiyanın iqtisadi dominant yerə sahib olduğu başlıqlardır.

Qeyd edim ki, Rusiyada dəyəri təxminən 21 milyard dollar olan 150 layihə davam edir. Türk şirkətləri də ən mühüm tərəfdaşlardır”.

Türkiyə - Rusiya İş Şurasının sədri İzzet Ekmekçibaşının verdiyi məlumata görə, iki ölkə arasında ticarətdə problemlər başlayıb…

“Ekmekçibaşı, “Mövcud məzənnəni rublla müəyyən etmək mümkün olmadığı üçün problem var. Ən böyük problem logistikadadır. Bundan əlavə, tikintidə təxminən 12-13 min türk işçi var. Önümüzdəki dövrdə maaşların ödənilməsi də problem olacaq”deyə açıqlama verib. Ekmekçibaşı onu da bildirir ki, müharibə martın 15-nə qədər bitməsə, Türkiyənin itkisi 50 milyard dollara çatacaq.

Son illər Ukrayna ilə sürətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, ticarət həcmi 7,5 milyard dollara çatıb və bu ölkədə 1500-ə yaxın türk şirkəti fəaliyyət göstərir. Türkiyəyə ən çox turist göndərən ölkələr arasında Ukrayna üçüncüdür (2 milyon). Baqaj ticarəti kimi tanınan “sərnişinlə ixracın” mərkəzi olan Laləlidə vəziyyət çox narahat miqyasa yüksəlib. Rusiya və Ukraynadan sonra Rumıniya, Polşa və Belarusdan da sifarişlər ləğvi oldu. Bildirilir ki, bölgədə istehsal edən emalatxanalar hazır geyim, ev tekstili və dəri geyimlərdəki ləğvlərlə istehsalı dayandırıb”.

2) Ersin bəy, Rusiya rublunun dollar qarşısında kəskin aşağı düşdüyü bu dönəmdə ticari anlaşmalarda hansı çətinliklər yarana bilər? Rusiya iqtisadiyyatını gözləyən fəsadlardan çıxış yolu varmı?

“Keçən həftə başlayan isti münaqişədən bəri biz neft, təbii qaz, buğda və qarğıdalı kimi əsas enerji və ərzaq mallarının qiymətində kəskin yüksəliş müşahidə etdik. Bu mənzərə yaxın həftələrdə qlobal inflyasiyaya mənfi təsir göstərəcək. Qərbin embarqosu Rusiyanın enerji ixracı tıxanarsa enerji tərəfində çox yüksək qiymət artımının şahidi olacağımız şübhəsizdir. Unutmayaq ki, yaxın keçmişdə neftin qiyməti 140 dollar olub. Görünən odur ki, son sanksiya qərarları ilə Rusiya iqtisadiyyatının həftələr ərzində daha ciddi problemlərlə üzləşəcək. Demək olar ki, çox kəskin daralma və inflyasiya, yəni “staqflyasiya” qaçılmazdır. Rusiya təkcə iqtisadiyyatda deyil, həm də nəqliyyat, idman, incəsənət kimi bütün sahələrdə böyük təcridlə üzləşib. Bu vəziyyətin qeyri-iqtisadi fəsadları da çox müzakirə olunacaq. Rusiya Mərkəzi Bankının 640 milyard dollar civarında çox güclü ehtiyatları olsa da, banka tətbiq olunan sanksiyalar və ölkənin SWIFT sistemindən kütləvi şəkildə çıxarılması səbəbindən ehtiyatların praktiki əhəmiyyəti azalıb. Bu səbəbdən Rusiya Mərkəzi Bankı böyük bir faiz artımı etdi. Rusiya bu problemin öhdəsindən gəlmək üçün hazırladığı mexanizmlərdən istifadə edə bilər, lakin beynəlxalq aləmdə bunun effekti çətin görünür. Alternativ olaraq, Rusiya öz sistemini Çin Milli Ödəniş Sisteminə (CNAPS) əlavə etmək istəyə bilər. Bunun nə qədər uğurlu olacağını izləyib görmək lazımdır. Qaynar müharibə uzanarsa, Qərb dünyası bu arxa yolları bağlayacaq yeni sanksiyaları gündəmə gətirə bilər”.

3) Türkiyədə yüksələn inflyasiya xarici iqtisadi əlaqələrdə hansı çətinliklər yaradır?

“Türkiyənin iqtisadi problemləri son dövrdə çox artıb və bu Türkiyənin seçki öncəsi bəlkə də ən mühüm probleminə çevrilib. Hökumət yeni siyasətini açıqladığı, bu məsələyə ən qısa zamanda son qoyulacağına dair vədlər verdiyi bir dönəmdə böhran pis bir vaxtda gəlib yetişdi. Əvvəllər qismən qeyd etdiyimiz kimi, dünyada xammal, yarımfabrikat və hazır məhsulların, enerjinin bahalaşması Türkiyə iqtisadiyyatına birbaşa təsir edirdi. Bundan əlavə, ölkə yüksək iqtisadi kövrəkliyinə görə daim dəyərini itirən türk lirəsi, “istehlakçı inflyasiyasının” 50 faizi ötməsi, daxili və xarici borclanma xərclərinin büdcə kəsirlərinin artması və “istehlakçı inflyasiyası” kimi ciddi problemlər yaşayır. Artıq tədiyə balansında cari əməliyyatlar hesabının kəsiri” daimi xarakter almışdır. Bütün bu problemlərin Rusiya-Ukrayna münaqişəsinə görə artacağı göz qabağındadır. Çünki Türkiyənin ixracı xammal, yarımfabrikat və enerji baxımından xarici mənbələrdən asılıdır. Bu səbəbdən böhranın Türkiyə üçün ciddi ixracat qatqısı olacağını düşünmürəm. Bunun üzərinə türk lirəsinin dəyər itirməsi və qlobal miqyasda əmtəə qiymətlərinin artması idxalın həcmini durmadan artırır. Bu vaxt Türkiyənin artan enerji qiymətləri qiymətləri də çox artacaq. Sadaladıqlarım ümumiləşdirildikdə, “xarici ticarət kəsiri” və “cari hesab kəsiri”ndə artımın getdikcə daha çox davam edəcəyi anlaşılır. Hazırkı münaqişənin Türkiyə üçün mümkün müsbət töhfəsi beynəlxalq sanksiyalara görə Rusiyadan çıxacaq xarici kapitalın Türkiyəyə yönləndirilməsi olacaq.

Bu prosesdə Türkiyənin əhəmiyyəti arta bilər, NATO və Amerika ilə münasibətlər qismən düzələ bilər. Münaqişə və tətbiq olunan sanksiyalar regional ticarətdə problemlər yaradacağından Türkiyəyə xalis iqtisadi faydanın olmayacağını deyə bilərik”.

4) Türkiyə ilin dörd fəslində turizm baxımından geniş imkanlar vəd edir. Bəs 2022- ci ildə Türkiyə Ukrayna və Rusiyadan turistləri qarşılamağa hazırdırmı? Xüsusilə yaşanan inflyasiya və iqtisadi vəziyyətin hazırki durumu istirahəti bahalı edə bilərmi?

“Bilirsiniz, Türkiyənin turizm imkanları, bu sahədə yetişən kadr potensialının keyfiyyəti kifayət qədər yaxşıdır. Etiraf etmək lazımdır ki, rezervasiya dövründə baş verən bu hadisələr turoperatorlar, obyektlər və tətilə gəlməyi planlaşdıranlar üçün heç də yaxşı olmayıb. Ən azından bu yay üçün köhnə günlərə qayıtmaq çətindir. Üstəlik, hər iki ölkə ictimaiyyətinin Türkiyənin neytrallığını qoruduğuna inanması ilkin şərtdir. Daha əvvəl dediyim kimi, Türkiyəyə gələn hər 100 turistdən 27-si rus və ukraynalıdır ki, bunun da turizm sahəsində ciddi payı var. Amma ölkəyə gələn avropalı, iranlı və ərəb turistlər üçün problem o qədər də yüksək olmaya bilər. Türkiyənin digər problemi isə mikro və makro miqyasda kifayət qədər tələb olmadığı üçün ucuzlaşan tur qiymətlərinin səbəb olacağı gəlir itkisi olacaq. Bu kontekstdə əlavə edə biləcəyim başqa bir məqam isə rus və ukraynalı turistlərin 27 faizlik boşluğunu turoperatorların, yəni bazarların bacarıqları ilə doldurmaq imkanıdır. Təbii ki, bu məsələ hələlik ehtimallar üzərindədir. Gerisini turizm mövsümü açıldıqdan sonra daha rahat şərh etmək mümkün olacaqdır.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR