Gündəlik həyatımızdan "SSRİ qoxusu" gəlir -

Rusiya Ukraynaya elan etdiyi hərbi əməliyyatlardan sonra Avropa və dünyanın bir çox ölkələri tərəfindən sərt reaksiyalarla üzləşdi. Tətbiq edilən sanksiyaların fonunda bir çox tanınmış şirkətlər, müxtəlif geyim brendləri, qida və qeyri-qida sahəsində olan firmalar Rusiyada mağaza və ofislərini bağlayaraq qeyri-müəyyən müddətə qədər şimal qonşumuzun iqtisadi bazarında səssiz mövqe seçdilər.

Bəs hazırda vəziyyət necədir? Xüsusən orada yaşayan azərbaycanlılar hansı çətinliklərlə üzləşirlər? Bu barədə Moskvada yaşayan azərbaycanlı pedaqoq Nigar İmanova oradakı vəziyyət ilə bağlı Metbuat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Nigar xanım, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda hazırda əhalinin iqtisadi vəziyyəti barədə nə deyə bilərsiniz?

“Ukrayna ilə müharibə başlayandan sonra sərt sanksiyaların tətbiqi nəticəsində burada əksər Avropanın brend geyim mağazaları bağlandı. Marketlərdə satılan məhsullar arasında iki dəfə qiymət artımı baş verdi. Rublun aşağı düşməsi ilə dollara tələbat artmağa başladı. İnsanlar pullarını dollar formasında çıxarmaq üçün bankomatlara axın edirlər. Hazırda Rusiya-Azərbaycan arasında hava nəqliyyatı ilə səfər etmək də mümkün deyil. Bu Avropa ölkələrinə də şamil edilir. Mağazalarda qənd, qarabaşaq tapmaq çox çətin olub. Amma bütün bunlarla bərabər biz düşünürük ki, baş verənlər müvəqqətidir və hər şey yenidən normal vəziyyətinə qayıdacaqdır.”

- Ailə büdcəsini bu vəziyyətə uyğunlaşdıra bilirsinizmi?

“Mən ümumiyyətlə lazım olmadıqca geyimə pul xərcləmirəm. Burada kiçik bir şirniyyat biznesim var. Məhsulların qiyməti bahalaşdığından nisbətən tərkibi fərqli inqridentlərlə zəngin şirniyyatların hazırlanmasını dayandırmalı oldum. Çünki onları tapmaq da artıq çətinləşmişdi. Çalışıram ki, hər kəsin ala biləcəyi ənənəvi dadlarda olan tort və digər şirniyyat məhsulları hazırlayıb müştərilərə təqdim edim. Düzdür qiymət fərqi var. Ümumiyyətlə bütün bunlar bizim gündəlik yaşayımızda SSRİ ab-havasını yaradıb. Sanki keçmişə qayıtmışıq. İndi satılan çox şey Rusiya istehsalı olan məhsullardır”.

- Belə bir vəziyyətdə Azərbaycana qayıtmaq barədə düşünürsünüzmü?

“Xeyr. Çünki baş verənlərin müvəqqəti olduğunu hiss edirik. Mən çalışıram ki, məhsulları topdan qiymətə alım. Nə qədər də baha olsa da yenə də sərf edir. Ümumiyyətlə biz bundan əvvəl də qənaət etməklə pulumuzu daha vacib sayılacaq məhsullara xərcləyirdik. İndi daha çox qənaət etmək məcburiyyəti bizi narahat etmir. Ən vacib olanı özümüzə və uşaqlarımıza alırıq. Gəzinti zamanı əlavə xərclər yarandığından çalışıram ki, əyləncəni də vacib olmadıqca təkrarlamayaq. Mən qış ayını sevmədiyim üçün demək olar üç ay qış aylarını evdə olmuşam. Burada təkcə mən belə davranmıram. Rusların özləri də qənaət etməyi yaxşı bacarırlar”.

- Sanksiyalara qarşı hər hansı bir çıxışlar, aksiyalar keçirildimi?

“Şəxsən mən belə bir hadisəni müşahidə etməmişəm. Hətta mağazalarda boşalmış rəflər olanda da onlar aksiyaya cəhd etmədilər. Sanksiyalardan sonra burada dövlət müəssisələrində əmək haqqları bir qədər yüksəldildi. Deyilənə görə, aprel ayında əhalinin xeyrinə yeni sosial rifah proqramlarının tətbiqi nəzərdə tutulur. Bir qədər uşaqlar üçün “McDonald's”ın bağlanması kədərli oldu. “İKEA” kimi mağazalar bağlansa da onlar öz işçilərinin əmək haqqlarını tam formada ödədilər”.

- Ümumiyyətlə, Rusiya-Ukrayna münasibətlərinə yerli əhalinin reaksiyası necədir? Onlar Rusiyanın davranışlarını necə qiymətləndirirlər?

“Burada insanlar iki qrupa bölünürlər. Onların bir qismi düşünür ki, müharibə olmamalıdır. Bu sülhə və sabitliyə xələl gətirir. Həmçinin Rusiya Prezidenti Vladimir Putinin davranışlarını doğru hesab etməyib müharibəyə səbəbkar kimi düşünürlər. Amma kütlənin digər bir qismi isə müharibənin olmasını vacib sayır. Onların fikrincə ukraynalılar İkinci Dünya müharibəsində almanlarla əməkdaşlıq ediblər. Düşünürlər ki, bu müharibədə onlar haqlıdırlar. Amma mən fikirləşirəm ki, müharibə hər iki tərəfə ciddi ziyan vurur. Eyni ilə Rusiya-Ukrayna arasında baş verən hadisələr əsnasında da həm rus, həm ukraynalılar həyatlarını itirirlər. Belə bir anda müharibəni dəstəkləyənlər anlamalıdırlar ki, onlar qurulan bu oyunu dəstləkləyirlər. İndi heç kim koronavirus barədə də düşünmür. Heç maskadan da istifadə edilmir. Restoranlara da giriş sərbəstdir. Sanki hər şey unudulub. Tək müzakirə mövzusu müharibə və onun gətirdiyi çətinliklərlə mübarizədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR