Baş Nazirdən qiymət artımına qarşı

Baş nazir zəruri ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkədən çıxarılmasını tənzimləyəcək qərar imzalayıb. Yeni qərarla zəruri qida və digər bəzi məhsulların ixracı xüsusi icazə ilə mümkün olacaq. Ekspertlər deyirlər ki, Azərbaycanda ərzaq məhsullarının təminatında problem yoxdur və hazırda anbarlarda, eləcə də bazarlarda bolluqdur. Hökumət sadəcə bu qərarla qabaqlayıcı tədbir görmüş oldu. Yəni əsas məsələ xaricdən asılılığı azaltmaqla, daxili bazarda bolluq yaratmaq və qiymət artımının qarşısını almaqdır.

Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının ölkədən çıxarılması bundan sonra tənzimlənəcək. Bununla bağlı Baş nazir qərar imzalayıb. Qərara əsasən diri iri və xırdabuynuzlu mal-qara, onların əti, toyuq əti və məhsulları, qatılaşdırılmış süd və qaymaq, yağlar, dənli bitkilər, körpə uşaqlar üçün yeməklər, makaron məhsulları və heyvanlar üçün hazır yemlərin ölkədən çıxarılması İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında mümkün olacaq.

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bundan sonra bu qərarla müəyyən edilən ərzaq mallarının başqa ölkəyə aparılmasına Azərbaycanda mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə icazə veriləcək. Baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərinin artması fonunda hökümətin belə bir qabaqlayıcı addım atması təqdirə layiqdir. Hökümətin bu qərarı xarici asılılığı azaltmaqla daxili bazarı qoruyacaq, potensial qiymət artımını önləyəcək və yaranabiləcək problemləri indidən qabaqlayacaq.

Ekspert deyir ki, hökümət əsas ərzaq məhsullarının təminatı üçün bu zəruri addımı atmaqla daxildə məhsul bolluğunu tam təmin edəcək

Xalid Kərimli bildirir ki, bu qərar -məhsulların ixracını qadağan etmir, sadəcə zəruri qida məhsullarının ixracına nəzarət mexanizmi yaradır. Bununla da daxili bazarda vəziyyəti vaxtında tənzimləmək, zəruri qərarlar qəbul etmək mümkün olacaq..

Qərara əsasən bu siyahıya daxil olan malların ölkədən aparan şəxs malların növü, həcmi, təyinat ölkəsi, istehsal həcmi barədə məlumatları İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. Nazirlik müraciətə 5 iş günü müddətində baxır. Nazirliyin müsbət rəyi malın həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir. Müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə əsaslandırılmış imtina məktubu təqdim edilir.

Qərar bu il dekabrın 31-dək qüvvədədir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR