Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Cari ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların ailələri ilə görüşüblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, ailələrin qayğıları öyrənilib.

Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.

Silsilə tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.

Çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən söhbət açıblar.

Qədim dövrlərdə yaranan, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən, onun qorunaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar.

Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR