Azərbaycan Qarabağda təmiz enerji siyasətini inkişaf etdirir -

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var.

Metbuat.az mövzu barədə suallarını Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalova yönləndirib. Onunla hazırladığımız müsahibəni təqdim edirik:

- Murad bəy, Azərbaycanın alternativ enerji imkanlarını necə qiymətləndirirsiniz?

Bildiyiniz kimi, bərpa olunan enerji mənbələrindən artıq bütün dünya ölkələri istifadə etməyə çalışır. Amma bu sahədə uğur əldə edə bilmək üçün küllü miqdarda vəsait ilə yanaşı, ölkənin coğrafi və strateji mövqeyi mühüm əhəmiyyət kəsb edir. Əgər alternativ enerji olaraq külək enerjisindən istifadə olunacaqsa, həmin ərazidə güclü küləklərin və siklonların əsməsi önəmlidir. Yaşıl enerji potensialı yüksək olan günəş enerjisindən istifadə zamanı isə əsasən yay fəsli daha əlverişli sayılır. Digər fəsillərdən fərqli olaraq bu zaman günəş yer kürəsi üzərində daha çox zenitdə olur. Bu da onun enerjisindən istifadə imkanlarını əlverişli edir. Bu baxımdan ”Küləklər şəhəri” adlanan Abşeron yarımadasında yerləşən Bakı şəhəri həm günəş, həm də külək enerjisindən istifadə etmək üçün böyük imkanlar vəd edir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17.3%-ni təşkil edir.

Hidroenerji gücü 1154.8 MVt (30 ədəd stansiya, 20-i kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66.1 MVt (7 stansiya, 2-i hibrid), bioenerji gücü 37.7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 45.9 MVt (12 stansiya, 2-i hibrid) təşkil edir. 1 ədəd hibrid elektrik stansiyasında (Qobustan) külək – 2,7 MVt, günəş – 3 MVt və bioenerji – 0.7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 33 MVt olan 4 günəş elektrik stansiyası istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücü 2021-ci ildə 194 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 2,5%-ni təşkil edib.

2021-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 27,8 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı İES-lərdə 26,2 milyard kVt·st, SES-lərdə 1277.3 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 339.9 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 91,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 55,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 193.2 mln. kVt.st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 5.8 %-ni təşkil edib. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsində çox işlər görülüb və investisiya sərf olunub. Çoxlu sayda müxtəlif tipli stansiyalar yaranıb, mövcud olanlar modernləşdirilib və beləliklə də, ölkəmiz elektrik enerjisinin idxalçısından ixracçısına çevrilib”.

- Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilməyə başlayıb. Qarabağın çoxşaxəli iqtisadi potensialı gələcəkdə enerji sahəsində yarana biləcək problemlərə çözüm ola bilərmi?

Ümumiyyətlə, Qarabağ “yaşıl enerji” zonasıdır və bu bölgə alternativ enerji mənbəyinə çevriləcəkdir. 3 may 2021-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır. Müvafiq dövr ərzində müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmiş və bunun nəticəsi olaraq “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanmışdır. “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Təqribi qiymətləndirmələrə əsasən, regionda 4000 meqavattdan çox günəş enerjisi potensialı var. Qarabağın cənub hissəsi - Cəbrayıl və Zəngilan rayonları bir kvadrat metr əraziyə düşən Günəş radiasiyasının miqdarına görə, Naxçıvan Muxtar Respublikasından sonra ikinci yerdə gəlir. Belə ki, bu ərazilərdə bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovatt-saat təşkil edir. Qeyd edək ki, mütəxəssislər tərəfindən ilkin olaraq Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında günəş enerjisi üzrə layihələrin reallaşdırılması üçün münbit şəraitin olduğu yeddi perspektiv ərazi müəyyən edilib. Bundan əlavə, günəş panellərinin sadəcə quru ərazilərində deyil, eyni zamanda su hövzələri üzərində quraşdırılmasını ehtiva edən pilot layihələr də planlaşdırılır. Hansı ki, su üzərində quraşdırılmış günəş panellərinin quruda quraşdırılmış günəş panellərindən faydalılığı bir qədər yüksək olur, çünki su təbii soyutma funksiyasını yerinə yetirir”.

- Martın 15-də təməli qoyulan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının ölkəmizin enerji siyasətinin gələcək inkişafına təsiri barədə nə deyə bilərsiniz?

“İlin əvvəlində energetika sahəsində bir çox mühüm addımlar atıldı. Bu, çox böyük nailiyyətdir və Azərbaycanın iqtisadi, siyasi nüfuzunun artması anlamını daşıyır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətiylə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına dair bu ilin yanvarın 13-də imzalanan sənəd də bu baxımdan böyük gələcək vəd edir. Bu anlaşma ilk növbədə ölkəmizin enerji təhlükəsizliyinin təmini sahəsində çox mühüm hadisə oldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Bundan cəmi iki ay sonra, yəni 2022-ci ilin martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətilə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair imzalanan saziş isə ölkəmizdə BOE sferasında yaxın perespektivdə böyük nəticələr əldə edəcəyindən xəbər verir. Əlavə olaraq qeyd edim ki, bu stansiya analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kub metr qaza qənaət etməyə, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq. Bu layihənin reallaşması üçün lazım olan tikinti materiallarının 20 faizi də ölkəmizdən alınacaq. Bu da sahibkarlığın inkişafına mühüm təkan olacaqdır. Layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq”.

- İnkişaf etmiş ölkələrində sözügedən layihələrin gerçəkləşdirilməsi zamanı hansı təcrübə və üsullardan istifadə olunur?

“Ümumiyyətlə, dünyada tükənən enerji sahələrindən asılılığı azaltmaq üçün yaşıl enerjiyə diqqəti yönəldən bir çox ölkə var. Yeri gəlmişkən, alternativ enerji mənbələrindən istifadəyə ən çox investisiya sərf edən ölkələr sırasında Çin, ABŞ, Yaponiya, Böyük Britaniya, Hollandiya və İspaniyanı göstərmək olar. Apardığım uzunmüddətli iqtisadi araşdırmalara əsasən qeyd edə bilərəm ki, 2018-ci ildə dünyada alternativ enerjinin quraşdırılmış gücü 2.501 giqavat olub. Bunun əsas hissəsi su elektrik stansiyalarının, digər payı külək elektrik stansiyalarının ve günəş elektrik stansiyalarının payına dusur. 2024-cü ildə günəş enerjisinin istehsal gücünün 3 dəfədən də çox artaraq 1.195 giqavat-a, külək enerjisinin də istehsal gücünün 1.411 giqavat-a çatacağı gözlənilir. Proqnoza görə, 5 ildən sonra ən çox alternativ enerji Çində (1.219 giqavat), sonra ABŞ-da istehsal olunacaq. Hindistan da Almaniyanı qabaqlayıb üçüncü yerdə qərarlaşacaqdır. Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, bərpa olunan enerji 2020-ci ildə qlobal elektrik istehsal gücünün 30% -ə çatıb. IEA, bərpa olunan enerjinin kömürü keçərək 2025-ci ilədək dünyanın ən böyük elektrik enerjisi mənbəyi olacağını və dünya gücünün üçdə birini təmin edeceyini bildirir. IEA günəşin ən parlaq gələcəyini görür və bu texnologiyanın bu böyümənin əksəriyyətinə güc verəcəyini proqnozlaşdırır. Bu fikri dəstəkləmək, günəşin bir çox ölkədəki yeni kömür və ya qazla işləyən elektrik stansiyalarından daha ucuz olacağı gözləntisidir. Çünki yeni günəş layihələri indiyə qədər olan ən ucuz elektrik enerjisini təklif edir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.17. Ekologiya və ətraf mühitin mühafizəsi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR