İsveç və Finlandiya Ukraynanın taleyini yaşaya bilər? -

Hazırda dünya gündəmini Finlandiya və İsveçin NATO-ya üzvlüyü qərarları zəbt edib. Ukrayna və Rusiya müharibəsinin davam etdiyi zamanda bu iki ölkənin NATO-ya üzvlüyü heç də Rusiyanın ürəyincə deyil. Dünən Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışıb. O, Rusiyanın İsveç və Finlandiya ilə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb. Putin qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişlənməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq: “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”, - deyə o qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Metbuat.az-a bildirdi ki, hər iki ölkənin NATO-ya üzvlük qərarı özlərini xarici təcavüzlərdən sığortalamaq səyləridir.

"Söhbət ciddi hadisədən gedir. İkinci Dünya müharibəsindən sonra heç də təsadüfü olmayaraq hər iki ölkə neytrallıq mövqeyini tutmuşdu, xüsuilə də Finlandiya. Çünki onların neytral mövqe tutması uzun illər qlobal güclər sayılan tərəflərin yanında yer almamasına, balansı qorumasına, öz suveren inkişaf yollarını seçməsinə səbəb olmuşdu. Nəticə etibarilə həm İsveç, həm də Finlandiyanın demokratik və iqtisadi göstəricilərinin Avropanın bir çox dövlətlərindən daha çox inkişaf edib. Həm də bu ölkələr siyasi sabitlikdə və siyasi davamlılıqda digər ölkələrlə müqayisədə daha yaxşı nəticələr əldə edib.

Lakin indi NATO-ya üzvlüklə bağlı çıxışları təbii ki, həmin ölkələrin daxili vəziyyətinə də təsir edəcək. Digər tərəfdən isə bu məsələyə labüd yanaşılmalıdır. İsveç və Finlandiya düşünür ki, Ukrayna hadisələri onları NATO-ya üzvlüyə vadar edir. Çünki Ukraynada müharibə başlayanda bu ölkə tək qaldı, NATO birbaşa yardım edə bilmədi. Əgər Finlandiya və İsveç xarici təcavüzlə üzləşərsə, o zaman kim bu ölkələrin yanında yer alacaq? Özlərini sığortalamaq üçün NATO-ya üzv olmaq istəyirlər ki, Rusiya Finlandiya və İsveçə hücum edəcəyi təqdirdə məhz NATO-nun ordusu ilə qarşı-qarşıya qalacağını anlasın".


İsveç və Finlandiya Ukraynanın taleyini yaşaya bilərmi sualına gəlincə, Zaur Məmmədov qeyd edir ki, hazırda iki yeni cəbhənin açılması heç də Rusiya üçün əlverişli deyil:

"Düşünmürəm ki, Rusiya Finlandiya və ya İsveçlə Ukrayna ilə eyni vaxtda müharibə gücündə ola bilər. Çünki Ukraynada da işlər istənilən kimi getmir. Daha iki yeni cəbhənin açılması Rusiyanın suverenliyinə təhdid ola bilər. Bu, sadəcə olaraq qorxutmalardır. Əslində, heç bir, hətta lokal əməliyyatlardan belə hazırda sözgedə bilməz.

Son hadisələr göstərir ki, İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyində, xəritəsində ciddi şəkildə dəyişikliklər baş verməkdədir. Avropa ölkələri ilə ABŞ arasında ciddi şəkildə Rusiyaya qarşı təhdid qarşılığında yaxınlaşma var. Düzdür, son dövlərdə Almaniya, Fransa kimi ölkələrin öz ordularını qurmaları zəruriliyi, avronun daha da gücləndirilməsinin lalbüdlüyünü deyirdilər, amma bu gün avro gücdən düşüb, Avropada ciddi iqtisadi kriz var, amma Avropa təhlükəsizliyini məhz ABŞ-lə bağlayır".

Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq. Çünki iki ölkə terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib. O qeyd edib ki, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.

Politoloqun sözlərinə görə, İsveç və Finlandiya əgər NATO-ya üzv olacaqsa, bu zaman öz ölkələrində kürd terrorçularını himayə etməkdən çəkinməlidirlər:

"Türkiyə hələ də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı razılıq vermir. Təbii ki, bu Türkiyənin suveren haqqıdır. Çünki uzun müddətdir ki, müxtəlif kürd terrorçuları, elə NATO daxilində olan ölkələr tərəfindən dəstəklənir. Həmin ölkələr sırasında biz Fransanı xüsusi qeyd etməliyik. İsveç və Finlandiya əgər NATO-ya üzv olacaqsa, onda Türkiyənin maraqlarına cavab verməlidir və öz ölkələrində kürd terrorçularını himayə etməməlidir. Düşünürəm ki, rəsmi Ankara maksimum maraqlarını qoruyaraq bu və ya digər şəkildə qərarını verəcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR