IX Qlobal Bakı Forumunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 17-də işini panel iclaslarla davam etdirib.

Metbuat.az xəbər verir ki, Forumun ikinci gününün proqramında nəzərdə tutulan 4 panel iclasından sonuncusu “Yaxın Şərqdə ərəb və müsəlman dünyasında sülh, təhlükəsizlik və inkişaf axtarışı” mövzusuna həsr olunub.

Panel iclasında Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün daha yaxşı çərçivə təmin edə bilən aktorlar, mövcud mübahisələrin həlli yolları, regionda nüvə silahının yayılmasının qarşısının alınması, dünyada enerji istehsalı, neft və qaz ixracı üzrə şaxələndirmənin enerji bazarının qeyri-sabitliyinə təsiri, həmçinin sünni-şiə məsələsinin həm dövlət, həm də qeyri-dövlət sahəsində aktorlara təsiri ilə bağlı müzakirələr aparılıb.

İclasa Ərəb Dövlətləri Liqasının sabiq rəhbəri, Misirin sabiq xarici işlər naziri Əmr Musa moderatorluq edib.

Əmr Musa Yaxın Şərqdə mövcud vəziyyətdən narahatlıqla danışaraq regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması istiqamətində görüləcək işlərdən danışıb. Bildirilib ki, hazırda dünyada vəziyyətin gərginliyi bu barədə düşünməyə əsas verir. O, mövcud mübahisələrin həlli yolları, regionda nüvə silahının yayılmasının qarşısının alınması məqsədilə region ölkələrini münaqişələrə son qoymağa və birliyə çağırıb.

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt bildirib ki, hazırda dünyada, həmçinin regionda vəziyyət çox gərgindir. Dünyanı gözləyən təhlükənin qarşısının alınması gündəmdə olan məsələdir. Ümumiyyətlə, qlobal təhlükə və qütblük geniş vüsət alıb və gərginlik yaradıb.

İqtidarda radikal ruhlu şəxslərin olmasının mövcud təhlükəli vəziyyətə mənfi təsir etdiyini bildirən Qeyt vurğulayıb ki, münaqişələr gələcəyimizə təsir edən mühüm amildir. O deyib: “Suriyada, Yəməndə vətəndaş müharibələri təhlükəsizliyə ciddi ziyan vurub. Ən çox Suriyadakı vəziyyət ürək ağrıdır.

Regional oyunçular mövcud vəziyyətə təsir edirlər. Bu oyunçular regionda hakimiyyəti əldə saxlamaq üçün sünni-şiə məsələsini də ortaya atırlar”.

Yaxın Şərqdə mövcud çoxillik münaqişələrdən danışan Əhməd Əbul Qeyt bildirib ki, bu münaqişələrə son qoymaq lazımdır.

Ərəb Dövlətləri Liqasının regional münaqişələrin həlli ilə bağlı bir sıra məsələləri qaldırdırdığı qeyd edən İsrailin sabiq Baş naziri Ehud Barak deyib: “Düşünürəm ki, regionda mövcud olan münaqişələrdə dini aspektlər mühüm rol oynayır. Ekstremist, radikal qüvvələr hər zaman və hər yerdə var. Amma təəssüf ki, bu, bizim regionda üstünlük təşkil edir”.

Yaxın Şərqdə təhlükəsizlik problemlərinin narahatlıq doğurduğunu diqqətə çatdıran E.Barak qeyd edib: “Suriya, Yəmən, İraq və digər dövlətlərdə problemlər yaranır. Bunun əziyyətini isə xalqlar çəkirlər. Bəs vəziyyətdən necə çıxmaq olar? Düşünürəm ki, İslam dünyasının alimləri bu məsələdə müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”ə əsaslanaraq kömək edə bilərlər”.

Sabiq Baş nazir qeyd edib ki, regionda sülhün bərqərar olması üçün səylərimizi birləşdirməliyik. Bizim fələstinlilərlə razılığa gəlməyimiz üçün imkanlar var.

Regionda sülh və təhlükəsizliyin təmin olunması məsələsində illərdir davam edən İsrail-Fələstin məsələsinə toxunan Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakiş BMT-nin bu münaqişəli məsələyə obyektiv münasibət göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, məhz qeyri-obyektiv yanaşma vəziyyətə mənfi təsir göstərib.

Yaxın Şərq regionunun enişli-yoxuşlu və mürəkkəb dövr yaşadığını diqqətə çatdıran Yaşar Yakiş əsrlər boyu yığılıb qalmış problemlərin tədricən özünü büruzə verdiyini qeyd edib.

“Düşünürəm ki, barışıq mümkündür və iki dövlət razılığa gəlməlidir. Biz əvvəlki Avropaya baxsaq görərik ki, bu qitədə də çoxtərəfli münasibətlər olub. Suriya məsələsinə gəldikdə, bu ölkə çox çətin dövr keçib. Türkiyə ilk dövrlərdən öz mövqeyini açıqlayıb və öz dəstəyini göstərir”, - deyə Yaşar Yakiş bildirib.

Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubiş isə bildirib ki, Yaxın Şərq regionunda təhlükəsizliyin təmin olunması üçün, ilk növbədə, Fələstin-İsrail münaqişəsinə son qoyulmalıdır. Xalqı fikirləşmək lazımdır. Münaqişələr dövləti və xalqı parçalayır. Ərəb baharının təkrarlanmasına yol vermək olmaz.

Nüvə silahlarına qarşı mübarizə aparmağın vacibliyini vurğulayan Y.Kubiş iqlim dəyişikliyindən, su ehtiyatının azalmasından, miqrantların sayının artmasından danışıb. Yan Kubiş diqqətə çatdırıb ki, biz seçim etməliyik, regionda sülh, yoxsa davamlı münaqişə və müharibələr.

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev qonşu ölkə Əfqanıstan və orada baş verən hadisələrdən narahatlıqlarını diqqətə çatdırıb. C.Otorbayev “Taliban” hakimiyyətinin regionda təhlükə yaratdığını qeyd edib. “Əfqanıstanda insan hüquqları kobud şəkildə pozulur. Miqrantların sayı artmaqdadır. Misirli alimlərdən xahiş edirəm ki, “Taliban” hərəkatı ilə bağlı araşdırma aparsınlar, bu hərəkatın kökünü müəyyən etsinlər”, - deyə Qırğızıstanın sabiq Baş naziri bildirib.

Panel iclas müzakirələrlə davam edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Forum işini iyunun 18-də başa çatdıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR