"G7 sammiti Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda keçirildi və alınan qərarlar yeni dünya nizamında Rusiyanın izolyasiyasını dərinləşdirəcək".
Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Ekspert deyir ki, Rusiyanın G7 ölkələri ilə Ukraynada mübarizə apardığı dönəmdə ABŞ Rusiyaya qarşı koalisiyanı işlək vəziyyət gətirib və Kremlin bu müharibədə qalib gəlməsi mümkün deyil.
"Bu sammitdə qəbul edilən qərarlara uyğun olaraq Ukraynaya bütün sahələrdə dəstək veriləcək. Ukrayna Rusiya üçün yeni Əfqanıstan ssenarisidir. Bununla Rusiya siyasi -hərbi baxımından deqredasiyaya uğrayacaq. Ümumiyyətlə yeni beynəlxalq münasibətlər sistemi formalaşır və burada G7 ölkələri Rusiyanın Şərqi Avropada, Mərkəzi Asiya və Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi istiqamətində yeni konsepsiya ortaya qoyub. G7 sammitindən sonra NATO-nun Madriddə zirvə toplantısının keçirilməsi Qərbin koalisiyasını gücləndirəcək və Avropanın təhlükəsizliyi ilə bağlı yeni yanaşma ortaya qoyulacaq. Xüsusilə Ukraynanın qalib gəlməsi üçün bu ölkəyə hərtərəfli dəstək verilməsi, yeni hücum silahları ilə tədarük olunmasına qərar veriləcək".
M.Əsədullazadə bildirdi ki, Qərb Rusiyanın qarşısından geri çəkilərsə, növbəti hədəf Moldova və Polşa ola bilər. Ona görə də bu müharibədə Qərb sonuna qədər Ukraynanın yanında olacaqdır.
"Bu siyasi konfiqurasiyada Azərbaycan və Türkiyə Qərblə tərəfdaşlığa üstünlük verəcək. Bundan əlavə Türkiyə də yeni bir siyasi-iqtisadi güc mərkəzi formalaşdırır. Türkiyə Azərbaycanla birgə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə siyası-iqtisadi və nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirəcək. Bu xüsusda Türkiyə, Azərbaycan və Qazaxıstan Bakı bəyannaməsinin imzalanması Rusiyanin hər iki regionda təsirlərini azaldacaq və Orta Dəhliz formalaşmaqla Qərblə yeni bir siyasi nizamda yer alacaq",- deyə ekspert fikrini yekunlaşdırıb.
Gülbəniz Hüseynli / Metbuat.az