Ərdoğan istədiyini aldı: Türkiyə Avropanın "xəritəsini" dəyişir -

Xəbər verdiyimiz kimi, Madriddə keçirilən NATO sammitində Türkiyə İsveç və Finlandiyanın alyansa daxil olmasına dəstək verməyə razılaşıb. İspaniyanın paytaxtında keçirilən danışıqlardan sonra üç ölkə birgə memorandum imzalayıb.

Bildiyiniz kimi, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etsə də, Ankara bu ölkələri terrorizmi dəstəklədiyi üçün prosesi bloklamışdı. Türkiyə Finlandiya və İsveçdən NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və PKK terrorçularına dəstəkdən imtina etmək üçün yazılı təminat tələb edirdi. Çünki hər iki ölkə PKK tərəfdarlarına açıq dəstək verir, bu ölkədə terrorçuların aksiyaları keçirilir. Belə olan halda Türkiyənin öz şərtlərini diqtə etməsi heç də birmənalı görünməməli idi.

Baş verənlərin fonunda fikirlərini bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib ki, Türkiyə haqlı olaraq Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxırdı. Müsahibimiz bildirdi ki buna səbəb Finlandiya və İsveçin PKK başda olmaqla Türkiyəyə təhlükə törədən terror təşkilatlarına bu və ya digər formada dəstək verməsində idi.

“Turana və “Qızıl Alma”ya doğru ağılla, səbirlə addımlayırıq” -

Yücel Karauz

“Prezident Recep Tayyip Erdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar. Baş katib Yens Stoltenberqin timsalında NATO rəhbərliyi də Türkiyənin mövqeyini və qətiyyətini tam haqlı sayır. Məhz buna görə də Madriddə NATO baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər. Bu sammiti önəmli edən əsas məqam Rusiya-Ukrayna müharibəsi fonunda dünya düzənində yaranmış vəziyyətdir. Çünki Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada təhlükəsizliyə ciddi təhdid yaranıb. Bu müharibə fonunda formalaşan yeni dünya düzənində NATO-nun hansı mövqe sərgiləyəcəyi həm maraqlıdır, həm də bu təşkilatda təmsil olunan üzv ölkələr üçün xüsusi önəm kəsb edir”.

Y.Karauz qeyd etdi ki, ikinci turda Finlandiya və İsveç PKK/PYD və FETÖ kimi terror təşkilatlarına dəstək verməyəcəyinə dair üzərinə öhdəlik götürdükdən sonra Türkiyə də Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxmayacağını bildirib. Yəni əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib. General söylədi ki, Türkiyə, İsveç və Finlandiya iddiaçı dövlətlərin NATO-ya üzv olmaq üçün müraciətləri ilə bağlı üçtərəfli memorandum imzalandıqdan sonra böhranın qarşısı alınmış oldu. Bu məsələdə Türkiyənin diplomatiyası, xarici siyasəti və qətiyyəti öz rolunu oynadı yəniTürkiyə bu məsələdən istədiyini əldə etdi.

Politoloq Azər Qasımov isə deyir ki, İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunmasına Türkiyənin verdiyi reaksiyanın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu ölkələr Türkiyənin tələblərini yerinə yetirsələr NATO-ya üzvü olacaqdırlar və bu belə də oldu.

Azər Qasımov

“Türkiyə öz siyasətini Azərbaycan xaric, digər ölkələrin siyasətinə görə qurmur. Türkiyə bu addımı ilə öz seçimini bir daha təsdiqlədi və NATO-nun özünün bilavasitə tərəfdaşı olduğunu göstərdi. Qətiyyəti və doğru zamanda doğru addımı ilə də İsveç və Finlandiyadan istədiklərini ala bildi. Bu, eyni zamanda, NATO-nun digər PKK və YPQ-yə dəstək olan ölkələrinin də əl-qolunu bağladı. Bu addım Rusiya -Türkyə münasibətlərinə də müəyyən aydınlıq gətirdi. Rusiya Türkiyənin bu ölkələrə veto qoymasını onunla əlaqəli olmadığını anladı. Bu durumda iki ölkə arasında mövcud olan əlaqələrdə soyuqluq yaranması böyük ehtimaldır. Rusiya üçün halqa bir az da daraldı”.

Ekspert bildirdi ki, NATO daha çox Rusiyanın mərkəzinə yaxınlaşdı. Rusiya isə çarəsiz baxmaqla kifayətləndi.

“Rusiya Ukraynada hələlik əldə etdiyi müəyyən əraziyə görə ümumən itirməyə davam edir. Artıq ölkə defolt elan edilib. Bu, hələlik simvolik olsa da, uzaq perspektivdə Rusiyaya böyük zərbə vuracaq. Hesab edirəm ki, artıq Türkiyənin Rusiyadan uzaqlaşması prosesi başlayır. Türkiyənin İsveç və Finlandiyadan əldə etdiyi şərtlər Rusiyanın Suriyadakı mövqeyinə də zərbə vurdu. Yaxın günlərdə Suriyada yeni əməliyyat keçirilə bilər”.

Turkey Drops Opposition To Swedish and Finnish NATO Membership

NATO-nun Madrid sammiti

NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş əsnasında bağlanan sazişdə Ankaranın tələbləri aşağıdakı müddəalarla qarşılanıb:

1-PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq.

2-Terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi.

3-PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi.

4-Müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması.

5. Terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi.

6- Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması.

7-Terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması.

8-PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması.

9-Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması.

10- Finlandiya və İsveçin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi.

11- Bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov isə düşünür ki, bu şərtlərin Qərb ölkələri və NATO tərəfindən qəbul edilməsi Türkiyənin xarici siyasətinin tərkib hissəsidir.

Samir Hümbətov

“Həm Avropa, həm də Qərbin Türkiyəyə ehtiyacı, tələbatı var. Bildiyiniz kimi, son günlər müzakirə edilən mövzulardan biri də İsveç və Finlandiya görə Türkiyənin hətta NATO dan ixrac edə bilmə ehtimalları üzərində idi. Amma proseslər onu göstərir ki, bu varsayımdan başqa bir şey deyildir. Çünki Türkiyə həm NATO-da ikincə ən böyük, həm də Avropanın və Qərbin təhlükəsizliyini təmin edən əsas qurumlardan biridir. Düşünürəm ki, bu gün İsveç və Finlandiyanın hərbi alyansa üzv olmağa maraqlı olmalarına səbəb onların da qarşıdakı təhlükənin fərqində olmaları ilə bağlıdır. Bundan sonra artıq onlar da Türkiyənin şərtləri əsasında terrorçu ünsürlərə maliyyə yardımı etməkdən çəkinəcəklər. Bu həm də Avropanın təhlükəsizliyinə də tövhə verəcəkdir. Türkiyə Qərbdə təkcə regional deyil həm də qlobal məsələlərdə önəmli aktyorlardan biridir. Ərdoğan hökümətinin qazandığı bu qələbə qarşıdan gələn Türkiyə prezident seçkilərində də onun partiyası üçün uğur vəd edir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR