Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığı müzakirə edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Lavrov deyib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq hər zaman gündəlikdədir.

Bu barədə siyasi şərhçi Azər Qasımov düşünür ki, Ərdoğan Putinin "Bayraktar" pilotsuz uçuş aparatları istehsalı ilə əlaqəli müraciətinə müsbət cavab verə bilər. Ekspertin fikrincə Rusiya silah sənayesinin qənimi "Bayraktar"ların rus ordusunun yenidən dirçəlməsinə səbəb olma ehtimalı çox aşağıdır.

Putinin gözü "Bayraktar"dadır:

Azər Qasımov

"Əvvəla "Bayraktar"ların effektli işləməsinin əsas səbəbi onun digər elektronik sistem olan "Koral" və yeni modifikasiyaları ilə birlikdə işləməsi nəticəsində mümkün olur. Digər tərəfdən "Bayraktar" sistemlərinin effektivliyini artıran amil, ümumiyyətlə, bu sistemin proqram yazılımının ordunun ümumi sisteminə uyğunlaşdırılmasının dərəcəsindən asılıdır. Belə nəticəyə gəlmək olar ki, Rusiya bu silaha sahib olsa da, ondan effektiv istifadə edə bilməyəcək".

Azər Qasımov onu da qeyd etdi ki, Rusiyaya Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalar yeni sövdələşməyə mane ola bilər.

"Məlumdur ki, Türkiyə "Bayraktar" istehsalında bir çox Qərb hərb sənayesi məhsulundan istifadə edir. Biz misal olaraq Kanadadan alınan optik sistemləri göstərə bilərik. Ehtimal var ki, Rusiyaya tətbiq edilən sanksiyalar bu avadanlıqlardan istifadəni qadağan edəcək. Türkiyə optik sistemi istehsal etsə də, hesab etmək olar ki, digər elektronik sistemlərə tətbiq edilən qadağa bu sövdələşməni mümkünsüz edəcək".

Siyasi şərhçi Məhəmməd Əsədullazadə də hesab edir ki, Putinə qarşı sanksiyalar fonunda Soçidə razılıq əldə olunması, Ərdoğanla müzakirələrin aparılması Kreml rəhbəri üçün hava-su kimi vacibdir.

Putinin gözü "Bayraktar"dadır:

Məhəmməd Əsədullazadə

Ekspertin fikrincə, avqustun 5-dən sonra Türkiyə ordusunun hərbi əməliyyatlara başlaması da mümkündür:

"Düşünürəm ki, Suriya ilə bağlı bir neçə istiqamətdə razılıq əldə ediləcək. Ola bilər ki, İdlib məsələsində Ərdoğan da Putinə güzəştə getsin. Görüşdə Ukrayna böhranı müzakirə ediləcək. Xüsusilə, taxıl dəhlizi ilə bağlı razılaşmanın problemsiz yerinə yetirilməsi, həmçinin Kiyevlə sülh danışıqlarına başlanması müzakirə olunacaq. Danışıqlardan sonra Kiyevlə Moskva arasında İstanbulda danışıqlar başlaya bilər. Putin Ərdoğan vasitəsilə Ukrayna Prezidenti Zelenskiyə öz mesajlarını və təkliflərini çatdıracaq. Ukraynanın əks-hücumları, Rusiyanın ciddi itkilər verməsi Rusiyanın danışıqlara başlamasına sövq edir. Digər məsələ isə Ermənistan-Türkiyə sərhədlərinin açılması və Qarabağda erməni silahlı birləşmələrinin çıxarılmasıdır. Ərdoğan silahlı erməni hərbi birləşmələrinin tam çıxarılmasını Moskva ilə razılaşdıracaq. Bundan əlavə, danışıqlarda ikitərəfli iqtisadi əlaqələr, hərbi-texniki əməkdaşlıq müzakirə olunacaq".

Politoloq Teymur Qasımlı bildirdi ki, Rusiyanın sanksiyalardan xilası, Rusiya neftinin Avropaya satışı, İsveç və Finlandiyanın NATO üzlüyü kimi məsələlərin də müzakirəsi gözləniləndir.

Putinin gözü "Bayraktar"dadır:

Teymur Qasımlı

"Rusiya İsveçin NATO-ya qəbulunu təhdid kimi qəbul edir. Tehranda Suriyanın taleyinin həll olunacağını da düşünürəm. Zənnimcə, İdlibdən Türkiyə, Suriyadan İran ordusunun çıxarılması məsələləri də müzakirə olunacaq".

Gülbəniz Hüseynli / Metbuat.az