Hərbi ekspert:

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Metbuat.az xəbər verir ki, hərbi analitik Alp Arslan İmamqulu bildirib ki, düşmən hələ də revanşist əməllərindən əl çəkmir:

"Ali Baş Komandan müsahibələrinin birində "Bizim doğma torpağımız Zəngəzurdur, İrəvandır, Göyçə Mahalıdır. Biz qayıdacağıq" demişdi. Düşünürəm ki, artıq bunun zamanı gəlib. Düşmən hər tərəfdən öz revanşist əməllərinə davam etməkdədir. Təbii ki, bu qayıdış bir neçə mərhələdə ola bilər. Birincisi, ərazi daxilimizdə terrorist qruplar tam olaraq təmizlənməlidir. İkincisi, Laçın yolunun bağlanması və 1920-ci il xəritəsinə müvafiq olaraq sərhədlərimizin təktərəfli delimitasiya və demarkasiya prosesi yekunlaşmasıdır. Üçüncüsü isə sərhədlərimiz ötəsində anti-terror əməliyyatlarına hazır şəkildə lazımi fəaliyyətlər tənzimlənməlidir. Bunları etməsək, tarixdən bu günə torpaqları azala-azala gələn Azərbaycan daha çətin bir vəziyyətə düşə bilər".

Hərbi analitikin sözlərinə görə, döyüşdə qazandığımız zəfəri bu gün siyasi oyunları ilə başqa istiqamətə yönləndirmək istəyənlər var:

"Təbii ki, 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Amma döyüş sahəsindəki zəfəri bu gün masada və siyasi oyunları ilə başqa istiqamətə yönləndirmək istəyənlər var. Amma Azərbaycan geriyə heç bir şəkildə addım atmamalıdır. Çünki biz qüdrətli dövlətlər qurmuş atalarımızdan miras aldığımız Azərbaycanı yenidən bərpa etmək istiqamətində addımlar atmalıyıq. Bundan sonrakı dönəmdə döyüş sahəsində əldə olunan zəfərin qorunması üçün ordumuzun daha da güclü və qüdrətli olması, digər müstəvilərdə - siyasi, iqtisadi bünövrələri atılmış məsələlərin daha da iradəli davam etdirməsi önəmlidir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR