"Bizim ölkədə kibercinayətkarlığın uğurlu olma ehtimalı yuxarıdır" -

Son günlər Azərbaycanda kiberhücumların sayı artıb. Həm vətəndaşlara qarşı dolandırıcılıq halları, həm də müxtəlif xidmət sahələrinə qarşı hücumlar geniş vüsət alıb.

Metbuat.az xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Vahid Qasımov saytımıza bildirdi ki, hər ölkədə kiberhücumlara rast gəlinir. Amma burada insanların bu hücumlara qarşı mübarizəsi önəmli yer tutur:

"Azərbaycan xüsusi olaraq kiberhücumlar üçün hədəf seçilməyib. Kiberhücumlar hər zaman var idi, var və həmişə də mövcud olacaq. Bütün ölkələrdə də bu hala rast gəlinir. İT infrastrukturu zəif, internetə çıxış faizi az olan ölkələrdə bu hallar çox yaşanır. Bunun əksinə olaraq, əhalinin bu sahədə bilik səviyyəsinin yuxarı olduğu ölkələrdə isə kiberhücumların qurbanlarının sayı daha aşağıdır. Azərbaycanın İT infrastrukturu son 10 il ərzində çox sürətli inkişaf göstərib, əhalinin bilik səviyyəsi isə olduqça aşağıdır. Buna görə də bizim ölkədə kibercinayətkarlığın uğurlu olma ehtimalı yuxarıdır".

Şəkilin açıqlaması yoxdur.

Vahid Qasımov

Ekspert bildirir ki, kiberhücumların qarşısını almaq üçün yüksək səviyyədə tədbirlər görmək lazımdır:

"Dövlət, informasiya və maliyyə qurumlarının internet resursları həmişə ən çox kiberhücumlara məruz qalan resurslardır. Əgər elektron xidmətlər hər hansı bir qurum üçün əhəmiyyət kəsb edirsə, onların nəzdində güclü bir İT şöbəsini saxlamaları və kibertəhlükəsizliyə xüsusi diqqət ayırmaları vacibdir. Potensial təhlükə varsa, daimi diqqət və qorunma mexanizmləri də mövcud olmalıdır".

Əhalinin bu məsələdən agah olmasına gəlincə, Vahid Qasımov tək yolu orta, ali məktəbdə, iş yerlərində maarifləndirməkdə görür. O həmçinin kütləvi informasiya vasitələrinin də önəmli rol oynadığını qeyd edir.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR