"​Aztelekom" və "Baktelecom"un yeni tarif paketi: Dəyişən sadəcə qiymətdir?

"Baktelecom" və "Aztelekom" istifadəçilərə GPON texnologiyası ilə fiber optik internet xidməti üçün yeni tarif paketi təqdim edib.

Metbuat.az xəbər verir ki, yeni tarif paketində qiymətlər qaldırılıb. Keyfiyyət isə sual altındadır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, yeni xidmət təqdirəlayiqdir, qiymətlərin xeyli bahalaşması düzgün yanaşma deyil:

"4 Mb/s və 10 Mb/s sürətlər ləğv edilib və müvafiq olaraq 15 və 30 Mb/s sürətlər təklif edilib. Qiymətlər də, təbii ki, artıb, 4 Mb/s üçün 10 manat ödəyənlər indi 15 Mb/s üçün 15 manat ödəyəcəklər. 10Mb/s üçün 12.5 manat ödəyənlər də indi 30 Mb/s üçün 18 manat ödəyəcəklər.

Adı çəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir. RİNN 2 il müddətinə bütün ölkə üzrə keyfiyyətli və hər yerdə əlçatan internet infrastruktur qurmağı hədəfləyib və bu istiqamətdə sistemli olaraq işlər aparır. Bütün bunlar çox təqdirəlayiqdir. Amma birdən birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək , düşünürəm ki, doğru yanaşma deyil. Heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək də sürət əldə etməyə məcbur edə bilməz. Xüsusən də, bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir".

Osman Gündüz dronların gətirilməsi prosedurunu pislədi

Osman Gündüzün sözlərinə görə, hazırda insanların internetə olan tələbatını nəzərə alaraq xidmət təşkil etmək mümükün ola bilərdi:

"İndiki şəraitdə internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda, yüksək sürətə ehtiyacı olmayanlar üçün əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi. Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər.

Adı çəkilən dövlət operatorlarının son zamanlar infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdikləri müsbət addımlara rəğmən məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil".

Ekspert operatorların qiymət siyasətinə RİNN-dən hər hansı açıqlama verilmədiyini də vurğulayıb:

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib. Qiyməti operatorlar qaldırıb. Bu, doğru bir yanaşma deyil. Nazirlik hazırda həm də tənzimləyicidir. Təəssüf ki , hələlik bu funksiyanı yerinə yetirməli olan, Prezident fərmanı əsasında yaradılan İKT Dövlət Agentliyi də formalaşmayıb. Nizamnaməsi hələ də yoxdur, rəhbərliyi də həmçinin. Düşünürəm ki, Nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir.

Araşdırsaq, görərik ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər bəzi özəl provayderdən də bahadır. Normalda bu, tərsinə olmalıdır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR