"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti bu il ərzində xalça satışının 2020-ci illə müqayisədə 1,607 milyon manat az olmasınının səbəblərini açıqlayıb.

Metbuat.az-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən verilən hesabatlara görə, 2021-ci ildə satış həcmi 1 606 810 manat təşkil edərək, yüksək artım göstərib. 2020-ci il üzrə satış həcmi 5 153 524 manat olub, lakin bunun 5 084 745 manat hissəsini COVID-19 pandemiyası dövründə dövlət dəstəyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə satılmış xalçalar təşkil edib. Yəni faktiki olaraq, Cəmiyyət öz imkanları hesabına 2020-ci il ərzində cəmi 68789 manat dəyərində xalça satıb.

Öz imkanları hesabına “Azərxalça” ASC 2020-ci ildəcəmi 68789 manat dəyərində xalça satdığı halda, 2021-ci ildə bu rəqəm 1 606 810 manat təşkil edib.

Hesabatda eyni zamanda qeyd olunur ki, Cəmiyyətin 2021-ci ildə cari dayanıqlı inkişafına və maliyyə sabitliyinə aşağıda qeyd olunan pozitiv amillər təsir göstərmişdir:

• korporativ idarəetmə sisteminin tətbiq edilməsi;

• maliyyə-təsərrüfat əməliyyatlarının, maliyyə resurslarının istifadəsinin səmərəliliyinin artması;

• geniş tələbata malik yeni müasir dizaynlı yun və ipək xalçaların istehsal edilməsinə və satışına başlanması;

• xarici ölkələrə (Almaniya, Bəhreyn, BƏƏ, İsrail, Rusiya və sair) xalçaların satışının həyata keçirilməsi;

• Cəmiyyətin inkişafına dair yol xəritəsinin hazırlanması və mərhələlərlə həyata keçirilməsi.