Son günlər sosial şəbəkələrdə müzakirəyə səbəb olan mövzulardan biri də ölkədə rus bölmələrinin az olması, birinci sinifə qəbul üçün məktəblərdə yer tapmaqda olan çətinliklə bağlıdır. Bu müzakirələrin fonunda cəmiyyətdə rusdilli təhsilə qarşı birmənalı olmayan fikir də formalaşıb. Onlar hesab edirlər ki, rus bölmələri dövlət hesabına maliyyələşməməli, pullu formada olmalıdır.
Ümumiyyətlə, ana dili Azərbaycan dili olan ölkədə rus dilində təhsilə marağın bu qədər kütləvi olmasına səbəb nədir?
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Metbuat.az-a müsahibəsində bildirdi ki, hər bir xalqın milli kimliyini, mövcudluğunu qorumaqda doğma dildə danışıq faktı çox önəmlidir. Müsahibimiz hesab edir ki, hazırda aktual kimi görünsə də, rus dili heç də əvvəlki qədər perspektiv deyil.
Fərid Şahbazlı
“Müdriklər dəfələrlə qeyd edib ki bir xalqı məhv edib sıradan çıxarmaq üçün birinci onun dilini onun əlindən almalısan. Bu mənada dil faktoru bu çox önəmlidir. Mənim şəxsi fikrim ondan ibarətdir ki ən az istifadə olunan dili belə bilmək hər bir şəxs üçün üstünlükdür. Bu çox vacib məsələdir. Rus dili də dünyada geniş yayılmış dillərindən biridir. Amma gələcək proseslər göstərir ki rus dili heç də əvvəlki qədər perspektiv deyil. Artıq bir neçə keçmiş possovet ölkəsini çıxmaq şərtilə demək olar heç bir ölkədə rus dilində ya danışılmır, ya da danışmaq istəmirlər. Biz buna misal olaraq Gürcüstan və Ukraynanı, həmçinin bir neçə türkdilli ölkələri də misal göstərə bilərik. Amma hazırda daha çox diqqətçəkən məqam rus dilində təhsil deyil, bu formada təhsilə marağın haradan qaynaqlanması ilə bağlıdır. Əgər perspektiv məsələsidirsə, o zaman bizim yetişən gəncliyimiz ingilis və çin dilinə də böyük maraq göstərsinlər. Çünki məlumdur ki, dünyanı gələcəkdə idarə edən bu dillər olacaqdır”.
Cəmiyyətdə formalaşmış fikirlərdən biri də rus dilli təhsili seçən və övladına bu istiqamətə yönəldən valideynlərin vətənpərvərlik hisslərinin sorğulanmasıdır. Fərid Şahbazlı deyir ki, rus dilində təhsil alan şəxslərə düşmən münasibət bəsləmək doğru deyil, amma çalışmaq lazımdır ki, ana dilində danışmaq ənənəsini elitarlaşdırıb, təbliğini geniş formada apara bilək.
“Bunun üçün bir mexanizm formalaşdırılmalıdır. Məsələn, ola bilər ki rus dilli qruplara şagirdlərin qəbul edilməsi ödənişli formada olsun və ya rus dilli qrupların sayı azaldılsın. Çünki biz müxtəlif dilləri öyrənməklə yanaşı, həm də öz milli kimliyimizi də qorumalıyıq. Milli kimliyimizin qorunmasında da dil faktoru çox əhəmiyyətlidir. Mən qətiyyən rus dilində təhsil alan insanlara qarşı münasibətdə fərqli yanaşmanın, düşmən münasibətinin göstərilməsinin tərəfdarı deyiləm. Ancaq eyni zamanda hansısa bir mexanizmlərlə öz milli kimliyimizi, dilimizi qorumağı da bacarmalıyıq. Bəzi insanlar hətta düşünmədən sadəcə axını aldanaraq “mənim də övladım rus dilində oxusun” deyə süni propaqanda yaratdıqlarının fərqində olmurlar. Onlar digər şagirdlərin və valideynlərin də düzgün qərar verməsini əngəlləyirlər. Bu baxımdan hesab edirəm ki, qətiyyən rus dilində təhsil Azərbaycan dilində təhsili üstələməməlidir”.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, rus bölməsinə olan artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə, ilk növbədə bu sferada tədrisin keyfiyyəti yüksəldilməlidir.
Kamran Əsədov
“Rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Belə düşünmək doğru sayılmazdı. Uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən, əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.
Həmkarından fərqli olaraq təhsil eksperti Elşən Qafarov hesab edir ki, hazırda rus bölmələrində olan sıxlığa səbəb tədrisin yaxşı olması deyil, insanların övladlarının ən azından bir xarici dili mükəmməl bilməsini istəməklərindən irəli gəlir.
Elşən Qafarov
“Tədrisin rus dilində aparılması kimlərisə milli vətənpərvərlikdən uzaqlaşdırmır. Rus bölməsində təhsil alanlar da azərbaycanlılardır. Orda da onlar Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası və dilini keçirlər. Rus bölmələrinin bağlanması Azərbaycan gənclərinin daha çox dil bilməsinə, digər dillərdə təhsil almasına sipər olacaq. Rus dili sıradan bir dil deyil, BMT-nin beynəlxalq dil statusu olan altı dildən biridir. Əgər rus bölmələrinə olan axının qarşısını almaq istəyiriksə, orta məktəblərdə ingilis bölməsi açmalıyıq”.
Millət vəkili Fazil Mustafa isə müsahibəsində bildirib ki, ana dili təhsilinin səviyyəsi xeyli yüksək olmalıdır ki, cəlbedici olsun.
Fazil Mustafa
“Əslində, daha ağıllı təhsil siyasətimiz olsaydı, bu problemləri yaşamazdıq. Məqsədyönlü, 10-15 ilik təhsil strategiyasını müəyyən etmək imkanı yoxdur. Bu da ondan irəli gəlir ki, əslində təhsilin idarəetməsində problemlər var. Daha realist və ağıllı yolları təcrübədən keçirmək lazımdır. Ana dilli məktəblərdə rus və ingilis dilinin tədris keyfiyyəti o qədər də yüksək deyil. Əsas səbəb bundan doğur. İkinci isə, insanlar daha çox hansı dildə ədəbiyyat və nəşrlər çoxdursa, danışma arealı genişdirsə, ora meyl etməyə çalışırlar. Üçüncü səbəb isə bu dil üzərində Azərbaycanda yaranmış moda ilə bağlıdır. Necə ki, fitness, gəzinti modadırsa, təhsil də modadır. Amma bu insanların seçimidir və bunun üzərində durmaq olmaz. Çalışmaq lazımdır ki, uşağın təfəkkürü öz dilində formalaşsın və daha böyük uğurlar qazanma imkanına malik olsun”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.
