Övladı olmayacağı həqiqəti ilə barışan şəxslər üçün övladlığagötürmə bəlkə də bir şansdır. Lakin cəmiyyətimizdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir. "Atası-anası bilinmir, gələcəyi də bilinməz" kimi ifadələr çox zaman bu istəkdə olan insanların həvəsini öldürür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sonuncu məlumatına görə, bu il ölkəmizdə 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.
Azərbaycanda övladlığagötürmə prosesinə gəlincə, Sosial Xidmətlər Agentliyindən saytımıza verilən məlumata görə, övladlığagötürmə prosesi Ailə Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə həyata keçirilir. 1 noyabr 2019-cu ildən etibarən övladlığa götürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Proses elektronlaşdırılıb. Belə ki, müraciət edən şəxslər üçün "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsistemi yaradılıb. Bununla vətəndaşlar üçün övladlığagötürmə prosesinin əlçatanlığı daha rahat, operativ və şəffafdır:
"Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu 1 ildən çox olmayan müddətdə müəyyən edilir. Həmçinin, uyğunlaşdırma prosesində valideyn-namizəd(lər)in istəyinə uyğun uşaq olmadıqda proses uzana bilər. Bu Məcəlləyə əsasən əsasən ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxsə dair minimum yaş tələbi 30 yaşdır".
Lazımi prosedur qaydaları həyata keçirildikdən sonra uşağın ailəyə uyğunluğu, ailənin sosial vəziyyəti araşdırılır. Müraciət edən şəxslərin uşaqla 3 aylıq sınaq müddəti olur. Bu müddəti uğurla bitirən şəxslərə uşağın verilməsini məhkəmə təsdiq edir.
Həmçinin məlumatda bildirildi ki, övladlığagötürmə sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu tarixdən bu günədək övladlığagötürmənin ləğvi halı olmayıb.
Yazının əvvəlində də qeyd etdik ki, bəzən ətrafdakı insanların övladlığagötürmə ilə bağlı səsləndirdikləri fikirlərə görə, valideyn olmaq istəyənlər bu istəklərini yerinə yetirmirlər.
Bəs "atası-anası bilinmir, gələcəyi də bilinməz" kimi ifadələr nə qədər realdır?
Psixoloq Azad İsazadə deyir ki, burada müxtəlif amillər ola bilər. Amma uşağın formalaşmasında əsas rol valideynlərindir:
"Sözsüz ki, bu düşüncənin altında obyektiv amillər var. Söhbət burada övladın tərbiyəsindən yox, daha çox irsi keçən xəstəliklər da ola bilər. Biz ailə quranda əks tərəfin ailəsində nə var bilmirik. Deməli, adi ailədə də uşağa irsi nələrsə keçə bilər. Sifət cizgiləri, səs, bədən quruluşu keçirsə, sözsüz ki, daxili xəstəliklər də keçə bilər. Buraya psixoloji və davranış problemləri də daxildir. Bir amili yaddan çıxartmayaq ki, uşağın formalaşmasında əsas rol oynayan onu böyüdənlərdir. Belə bir atalar sözü var: " Böyük nə səpirsə, uşaq onu yığır". Biz evdə özümümzə necə tərbiyələndiriksə, uşaq da bunu norma qəbul edir".

Azad İsazadə
Övladlıqla valideyn sahibi olmaq istəyənləri narahat edən digər bir məsələ isə uşağın gələcəyi ilə bağlıdır. Bəziləri onları böyüdərkən övladlıq olmaları ilə bağlı uşağa məlumat verməkdən qorxur. Psixoloq isə düşünür ki, uşağın bunu valideynlərindən eşitməyi daha doğrudur:
"Şəxsiyyətin davranışından çox şey asılı olacaq. Mən hesab edirəm ki, uşaq bunu bilməlidir. Lakin bu qərar hər valideynin özünün əlindədir. Uşaq bunu qəfildən öyrənə bilər. Valideynlər uşaqlara kiçik yaşlarından artıq bunu yavaş-yavaş aşılaya bilsələr, gələcəkdə bu, çox çətin olmayacaq. Qəfil bildikdə isə artıq onun verəcəyi reaksiylar fərqli ola bilər. Depressiyaya da düşər bilər, valideynlərə qarşı nifrəti də yarana bilər, ola bilər ki, öz əsli ata-anasını axtarsın. Ya da adi reaksiya verərək gözünü açandan tanıdığı valideynlərinin yanında qalacaq. Bütün bunlara hazır olmaq üçün valideynlərin əvvəlcədən bunu uşağa demələrinin tərəfdarıyam".
Gülər Seymurqızı