Xırdalanda çoxmərtəbəli binalar niyə yanır? -

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən hadisəyə vaxtında müdaxilə edilərək yanğın söndürülüb. Qeyd edək ki, bu yanğın ay ərzində Xırdalan ərazisində qeydə alınan ikinci analoji hadisədir.

Bəs hündürmərtəbəli yeni tikililərdə baş verən qəzaya səbən nə ilə bağlıdır?

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, yeni tikili binalarda baş verən yanğınların əsas səbəbi MTK-ların binanı təhvil verən zaman vaxtında qazla təmin etməməsindən irəli gəlir.

Elnur Fərzəliyev

“Məsələ ondadır ki, binalar tikilib təhvil verilən zaman tikinti şirkətləri vətəndaşlara qısa müddətdən sonra binanın qazla təmin olunacağı sözünü versələr də bu proses çox uzun müddət çəkir. Bəzən hətta illərlə vətəndaşları yubadırlar. Belə olan halda isə sakinlər məcbur olub elektrikdən istifadə edirlər. Nəticədə istifadəyə yararlılıq müddəti təxminən 30 il olan naqillər həddindən artıq yükləndikləri üçün qısaqapanma baş verir və yanğına səbəb olur. Bu il yay fəsli də ötən illərə nisbətən daha isti keçdi. Bu da elektrik naqillərini ömrünü qısaltdı. Çünki, sakinlərin əksəriyyəti kondisonerdən istifadə edirdi. Yanğınlara digər səbəb binalarda yanğından mühafizə xidmətinin qurğularının olmamasındadır. Yanğın baş verən zaman həmin şlanqlar hazır vəziyyətdə olmalıdır ki, hadisə baş verəndə xilasetmə xidməti gələnə qədər binada hadisəyə nəzarət etmək mümkün olsun. Amma, təəssüf ki, əksər binalarda yanğından mühafizə sistemi də nisbətən aşağı səviyyədədir”.

Binalarda yanğın hadisələri təkcə qısaqapanma səbəbindən deyil, həm də qaz sızmasından baş verir. Elnur Fərzəliyev bildirdi ki, sakinlərin mənzillərin konstruksiyalarına etdiyi dəyişikliklər gözlənilməz hadisələrin baş verməsinə şərait yaradır.

“Yeni tikili binalarda vətəndaşlar mənzil alan zaman, əksər hallarda bir otaqlı mənzili iki otaqlıya, iki otaqlı mənzili isə üç-dörd hissəyə ayırmaqla konstruksiya dəyişikliyi edirlər. Belə olan halda mətbəxin yerində olan şaxtanın yeri dəyişdirilir, kustar üsulla hardasa nəsə bir şey qoşmaq istəyirlər. Bununla da mətbəxdə olan qaz ümumi havalandırmaya qoşulu olmur. Əgər kiçik bir qaz sızması olarsa, nəticədə hansısa bir alışma səbəbindən, partlayış qaçılmaz olur. Həmçinin belə şaxta olmaması, yer dəyişikliyi səbəbindən qazdan boğulma halları da çox baş verir”.

Elnur Fərzəliyev bir vacib məqamı da xatırladaraq qeyd etdi ki, Xırdalan və onun kimi sıx yaşayış massivlərində həyət evlərində də yanğınlar digər ərazilərə nisbətən daha çox baş verir. Ekspert bunun səbəbini həmin ərazilərdə olan sıx tikintilər ilə əlaqələndirdi:

“Həyət evləri bir-birinə yapışıq formada tikilib, bütün tikinti normativləri pozulduğu üçün yollar da darısqal olduğuna görə fərdi evdə yanğın baş verən zaman həmin qısa müddət ərzində bu artıq qonşu mənzillərə də keçə bilir. Çünki həyət evləri arasındakı məsafə normativləri qorunmadığına görə bu cür halların baş verməsi qaçılmaz olur. Digər tərəfdən yeni tikili binalarda adətən həyətyanı sahələr az olur. Avtoparkların olmaması da vətəndaşları binanın girişində və ya yol kənarında maşınlarını saxlamağa məcbur edir. Hadisə baş verən zaman isə yanğınsöndürən və təcili yardım binanın həyətinə və əraziyə girişdə çox ciddi çətinlik çətinliklər. Bu da yenə yanğının alovlanmasının qarşısının alınmasında bir problem yaradır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR