Bu necə seçimdir? - Oynamayan futbolçuları milliyə dəvət edib -

“Əsas odur ki, millimiz sonuncu yeri tutmasın. Çünki son pillədə olanda aşağı liqaya düşürsən. Ona görə də mütləq Qazaxıstana qalib gəlmək, Slovakiya ilə də heç olmasa heç-heçə etmək lazımdır”.

Metbuat.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Yığmamızın Millətlər Liqasında Slovakiya və Qazaxıstan ilə keçiriləcək oyunları haqda danışan Azərbaycanın Əməkdar məşqçisi bildirib ki, “Qarabağ”ın avrokuboklarda göstərdiyi baxımlı oyunlar yığmaya da müsbət təsir etməlidir: “Qarabağ”ın yaxşı oyunları millimizə böyük ruh yüksəkliyi verməlidir. Çünki yığmanın oyunçularının əksəriyyəti “Qarabağ”ın üzvləridir. “Qarabağ” göstərdi ki, yüksək zirvəyə doğru gedir. Adətən klublar yaxşı olanda yığma da müsbət nəticə əldə edir. Məşqçi amili də vacib olacaq. Onun seçdiyi heyət, taktikası, oyunun gedişatındakı müdaxiləsindən çox şey asılıdır”.

Təcrübəli mütəxəssis millimizin italyan çalışdırıcısı De Byazinin heyət seçimini tənqid edib: “Çox qəribə heyət seçimi görürəm. Elə oyunçular var ki, klubunda oynamır, amma yığmaya dəvət alıb. Elələri var ki, klubunda çox yaxşı oynayır, milliyə çağırılmayıb. Bu il Qara Qarayevin oyunu çox yüksək səviyyədədir. O mövqedə Qara Azərbaycanda birincidir. Yaddan çıxarmayaq ki, Qara bir çox oyunlarda “Qarabağ”ın kapitanı olur. Yəni oyunçunun psixologiyasına əl dəyməmək, ona hörmət etmək baş məşqçi üçün vacib məsələdir. Qara da o oyunçulardandır. Son matçlarda “Qarabağ”da çox əla oynadı. Onun milliyə niyə dəvət olunmaması həddindən artıq böyük sualdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR