Səhər yeməyindən sendviçlərə qədər süfrələrdə tez-tez yer alan bəzi ət məhsulları sağlamlıq üçün düşündüyümüzdən daha riskli ola bilər.
Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) işlənmiş ətləri insanlarda xərçəng riski ilə əlaqələndirilən 1-ci qrupda qiymətləndirir.
Araşdırmalara görə, gündə 50 qram işlənmiş ət istehlakı yoğun bağırsaq və düz bağırsaq xərçəngi riskinin təxminən 18 faiz artması ilə əlaqələndirilir.
Sosiska, kolbasa, vetçina, eləcə də konservləşdirilmiş və qurudulmuş ətlər işlənmiş ət məhsulları hesab olunur.
Bu məhsulların tərkibindəki ət duzlama, tüstüləmə, kürləmə və fermentasiya kimi üsullarla emal olunur. Xüsusilə nitrit və nitratların istifadəsi, həmçinin ətin yüksək temperaturda bişirilməsi orqanizm üçün zərərli ola biləcək bəzi maddələrin yaranmasına səbəb ola bilər.
Bu səbəbdən mütəxəssislər işlənmiş ət məhsullarının istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.