Sabiq baş nazirin dəfn xərcləri 11 milyon dolları ötdü:

Bir həftə əvvəl dünya liderləri və nüfuzlu insanlar Londonda Böyük Britaniya kraliçası II Elizabetin dövlət dəfn mərasiminə toplandılar. İndi onların çoxu başqa bir dövlət dəfn mərasiminə - Yaponiyanın öldürülən keçmiş baş naziri Şinzo Abe üçün dünyanın o biri tərəfinə gedir. Lakin, görünür, yapon xalqı buna sevinmir. Səbəblərdən biri isə dəfn mərasiminin 11,4 milyon dollara (1,65 milyard yen; 10,1 milyon funt sterlinq) başa gəldiyi olduğu təxmin edilir.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, son bir neçə həftədə dəfn mərasiminə qarşı etirazlar artmaqdadır. Sorğular göstərir ki, ölkə əhalisinin yarıdan çoxu hazırda mərasimin keçirilməsinə qarşıdır.

Bu həftənin əvvəlində bir nəfər etiraz əlaməti olaraq Tokioda baş nazirin ofisi yaxınlığında özünü yandırıb. Bazar ertəsi isə 10 minə yaxın etirazçı dəfn mərasiminin ləğv edilməsini tələb edərək paytaxt küçələrində yürüş keçirib.

"Kyodo" xəbər agentliyinin son sorğusunda iştirak edən insanların 70%-dən çoxu hökumətin dəfn mərasiminə həddən artıq çox pul xərclədiyini bildirib.

Pulun təqribən yarısının təhlükəsizlik tədbirlərinə, digər üçdə birinin isə xarici qonaqları qəbul etmək üçün istifadə olunacağı gözlənilir.

Lakin, digər tərəfdən, mərasim dünyanın hər yerindən Yaponiyanın müttəfiqlərini cəlb edir. ABŞ-ın vitse-prezidenti Kamala Harris, Avstraliyanın baş naziri Entoni Albanese də daxil olmaqla 217 ölkədən 700 qonaq var. Həmçinin Hindistanın baş naziri Narendra Modi kraliçanın dəfn mərasimində iştirak etməsə də Abeyə ehtiramını bildirmək üçün Tokioya uçur.

Qeyd edək ki, Yaponiyada dövlət dəfnləri İmperator ailəsinin üzvləri üçün nəzərdə tutulub. Yalnız bir dəfə, İkinci Dünya Müharibəsindən bəri bir siyasətçi bu şərəfə layiq görülüb və bu, 1967-ci ildə baş verib. Beləliklə, Abenin dövlət səviyyəsində dəfn edilməsi faktı böyük məsələdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR