Gülləri “danışdıran” azərbaycanlı florist:

Bu yaxınlarda gözəl diyarımız Qarabağın mirvarisi Şuşada Beynəlxalq Şahmat Turniri keçirildi. Həmin turnir çərçivəsində Şuşada maraqlı kompozisiyalar sərgiləndi. Diqqəti cəlb edən əl işlərindən biri də ilk dəfə toplanılıb hazırlanan Şuşa buketi oldu. Bu buketin hazırlanmasında Şuşa torpağında bitən müxtəlif çiçəklərdən, bitkilərdən istifadə olunmuşdu.

Maraqlı kompozisiyanın müəllifi Azərbaycanda öz sahəsi üzrə yenilik gətirməyi bacaranlardan biri olan Mehdi Şərifdir. Onun əl işləri ölkədə ən məhşur və təmtəraqlı məclisləri bəzəyir. Bizimlə həmsöhbət olan Mehdi deyir ki, “təəssüf ki, heç kəsə ikinci şans verilmir. Düşünürəm ki, insan sevdiyi peşə ilə məşğuldursa, çalışmalıdır ki, öz sahəsində ən yaxşılardan olsun. Bunun üçün də özünü inkişaf etdirmək, yenilikləri qəbul edib fantaziyalarını işində tətbiq etməyi bacarmalısan”.

Metbuat.az gənc florist-dizayner Mehdi Şəriflə olan geniş müsahibəni təqdim edir:

- Mehdi Şərif nə üçün florist oldu?

Mən incəsənətin bir çox sahəsi ilə - musiqi, səs rejissoru, rəsm, videoqrafiya ilə məşqul olmuşam. Daha sonra düşündüm ki, floristikada da özümü sınayım. Uşaqlıqdan güllərə marağım var idi. Demək olar ki, güllərin arasında olmağı sevirdim. Beləcə başladım yavaş-yavaş bu sahədə çalışmağa. Hər zaman yenilik etmək, sevdiyim bir sahənin öncüllərindən olmaq istəmişəm. Odur ki, təsadüfən bir gül mağazasında işləməyə başladım. Əvvəlcə standart buketlər yığırdım, sonradan gördüm ki, yox, bu, mənə kifayət etmir.Fərqli dizaynlar düşünərək onları dəfələrlə təcrübədə sınadım. Bu müddətdə yorulmaqdansa daha çox həvəsləndiyimin fərqinə varırdım. Elə oldu ki, hər şeyi dizayn gözü ilə görməyə başladım. Mən ilk dəfə ölkədə meyvə buketləri hazırlayıb təqdim etmişəm. Heç vaxt ağlıma da gəlməzdi ki, mən bu sahəni seçib bu günə qədər bu işlərlə məşqul olaram.

- Sizin əl işlərinizə baxanda sanki buketlərin də dili varmış kimi hiss yaşayırsan. Özünüzü işinizin ustası hesab edirsinizmi?


Doğrudur, güllərin də öz dili var. Çünki məhz gül dəstələri ilə insanlar hansısa mesajları sevdiklərinə, tanışlarına, dostlarına göndərirlər. Sevgililər sevdiyini demək və göstərmək üçün qızıl gülü seçirlər. Bunun da səbəbi qızıl gülün sevgini tərənnüm etməsindədir. Sarı gül ayrılıq rəmzidirsə, xaricdə dostluq rəmzidir. Bundan başqa, keçmiş MDB ölkələrində cüt gül vermək olmaz. Hər yerin öz adət-ənənəsi var. O ki qaldı, mavi qızılgüllərə, onlar rənglənir. Bəzən adi bir çobanyastığının bəxş etdiyi xoşbəxtliyi heç bir bahalı hədiyyə əvəz edə bilmir.O ki qaldı işimin ustası kimi özümü hiss etməyimə qeyd edim ki, mənim nailiyyətlərim, qazandıqlarım imkan verir ki, mən özümü gördüyüm işin ustası hesab edirəm. Çünki kənardan öz işimə baxıb özümü tənqid etməyi bacarıram. Öz sahəmdə daima inkişaf etməyə çalışıram. Durmadan hər zaman yeni nələri isə öyrənirəm. Mənim hətta tələbələrim də var. Fikrimcə, hər bir insan çalışdığı peşədə pəşəkar ola bilmək üçün, işinə sevgisinin olub olmadığını bilməlidir. Ən vacibi əməyini verdiyin sahəyə sevgidir.

- Mehdi, deyirlər qadınlar gülə bənzəyir, hər birinin özünəməxsus gözəlliyi, zərifliyi var. Amma gülün də ömrü qısadır. Necə edək ki, sevdiyimiz insanlardan aldığımız o güllərin ömrünü bir az uzada bilək. Bunun bir sirri varmı?


Mehdi Şərif “Payız fantaziyaları” adlı layihəsi

Ümumiyyətlə, kəsilmiş güllərin ömrü limitli olur. Bu vaxt adətən 7-14 gün arası müddətdə dəyişilir. Hədiyyə aldığınız güllərin ömrünü bir az uzatmaq üçün onların suyunu iki gündən bir və ya hər gün dəyişmək, budağını 2-3 sm kəsmək lazımdır. Bir də gülü gərək soyuq yerdə saxlayasan, çünki onlar isti havanı sevmirlər.

- Bir çox beynəlxalq tədbirlərdə dekorasiya işində sənin imzan var. Başqalarının olmaq istədiyi pilləyə qədər çıxmaq üçün Mehdi hansı fədakarlığı edib?

- Mən düşünürəm ki, hər insan olmaq istədiyi yerə çatmaq üçün mübarizə aparmağı, öz üzərində işləməyi bacarmalıdır. Azərbaycanı dünyada təmsil etmək mənim üçün fəxr hissidir. Mən bunun üçün əlimdən gələni edirəm. Nə qədər maddi və mənəvi gücüm varsa buna davam da edəcəyəm. Heç vaxt eyniliyi sevmirəm. Əgər 10 buket hazırlayıramsa, 10-u da bir-birindən fərqlənməlidir. Nəinki buket, elə art-obyeklər olsun, yığıncaqların bəzədilməsi zamanı da çalışıram ki, təzə nəsə edim. Bu, sadəcə mənim yox, sifarişçinin də çox xoşuna gəlir. Belə deyək, mən sahəmə sırf biznes kimi yox, sənət kimi baxıram.

- Ölkəmizdə bu sahəyə maraq necədi? Qazanclı sahə sayıla bilərmi?

Bilirsiniz, floristika buket və toylarla bitmir, hər yerdə istifadə oluna və gözəllik yarada bilər. Burada əsas iş biz floristlərin üzərinə düşür. Bizim çalışdığıçız şirkətlər çoxdur. Öz prinsiplərimiz var, hamı ilə əməkdaşlıq edə bilərik amma tələblərimizi yerinə yetirmək şərti ödənməlidir. Çünki o işdə bizim adımız gedir. Bu baxımdan da, hər şey yüksək səviyyədə olmalıdır.

Mehdi Şərif balaca tələbələri ilə

- Bu yaxınlarda Qarabağın mirvarisi Şaya riniz oldu. Möhtəşəm bir tədbirdə kompozisiyanız nümayiş edildi. Şuşada olmaq çoxlarının arzusudur. Nə hisslər keçirdiniz?

Bu, mənim Şuşaya ilk səfərim idi, əminəm ki, sonuncu olmayacaq. Orada təbiət həqiqətən gözəldir, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Kədərləndim, eyni zamanda sevindim və fəxr etdim ki, Şuşadayam. Bu sevinci yaşadan başda Prezidentimiz olmaqla hər kəsə, xüsusən də şəhid qardaşlara Allahdan rəhmət diləyirəm. Qazilərimizə Allah şəfa versin, onların valideynlərinə çox təşəkkür edirəm.

Məşhurların təqdimatında Mehdi Şərifin əl işləri

- Şuşaya səfər əsnasında ilk Şuşa buketini də yığıb hazırlamaq sizə qismət oldu. Bu barədə düşüncələriniz bilmək istərdik?

Mən buket hazırlamaq üçün həyətləri, xiyabanları, tərk edilmiş evləri gəzib çiçək yığdım. Yabanı qızılgül, at otqulağı, amarantus, şerbetçiotu tapdım, həmçinin müxtəlif yabanı bitkilərdən və kiçik çiçəklərdən istifadə etdim. Xara Bülbülü canlı görmək üçün uzun müddətdir axtarırdım, amma təəssüf ki, tapa bilmədim. Artıq payız olduğu üçün çiçəklər çox böyümürlər . Ümid edirəm ki, gələn il yazda Şuşaya gedib bərəkətli torpağımızdan bir buket gül yığacağam. Və mən də ümid edirəm ki, şəhər tezliklə məskunlaşacaq və gələcəkdə biz orada gül bayramı keçirəcəyik!.

- Gələcək planlarında xarici dövlətlərin birində əl işlərinizi görmək və ya orada bu işi davam etdirib daha çox peşəkarlaşmaq arzusu varmı?

Şuşada keçirilən Beynəlxalq Şahmat Turnirində hazırlanan kompozisiya

Mən hazırda xarici dövlətlərdə Azərbaycanı təmsil edirəm və bu davamlı olacaqdır. Qeyd edim ki, mən Rusiyada keçirilən bir çox yarışlarda mükafat qazanıb medalla təltif edilmişəm. Çox istərdim ki, Azərbaycanda da gülçülük sahəsi üzrə festivallar, konkurslar keçirilsin. Nəticədə xaricdə yaşayan bu sahə üzrə məşqul olan şəxslər ölkəmizə gəlib təcrübə mübadiləsi edə bilərdilər. Mənim arzum odur ki, Azərbaycanı floristika üzrə Avropa və dünya çempionatlarında təmsil edim.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR