Deputat şəhidin qardaşına ev verilməməsindən danışdı -

"SOS" uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova ev verilməyib.

Cəmiyyətin də ciddi narazılığına səbəb olan bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb ki, buna səbəb Sənanın şəhid ailəsi statusuna malik olmamasıdır.

Məsələ ilə bağlı saytımıza danışan deputat Fazil Mustafa deyib ki, şəhid bacı və qardaşlarına yardım təklifi ilə bağlı Milli Məclisdə məsələ qaldırılsa da, heç bir nəticə olmayıb:

"Bu məsələ ilə bağlı bir müddət öncə Milli Məclisdə məsələ qaldırdım. Şəhid bacı və qardaşlar onların himayəsində yaşayıbsa, başqa varisləri yoxdursa, onlar varis kimi tanınsın. Eyni səlahiyyətlər, imtiyazlar tətbiq olunsun. Lakin məsələ gündəmdə tutulmadı, qanunvericiliyə də dəyişiklik edilmədi".

Deputat deyib ki, şəhidin qardaşına ev vermək mümkündür. Bunu nazirlik həll edə bilər:

"Qanunvericilikdə formal olaraq bunu istisna edən müddəalar var. Nazirlik də bunlara istinad edir. Amma məsələni həll etmək mümkündür. Konkret olaraq şəhidin qardaşı evlidirsə, ona iki otaqlı evin verilməsi adidir. Mənə elə gəlir ki, bu məsələdə vəziyyətdən çıxış yolu üçün addım atılmalıdır. Şəhid ailəsinə münasibətdə istisna qaydalarla da şəhid statusu verilməlidir. Bu məsələdə, məncə, bürokratik süni maneələr yaratmaq doğru deyil. İmkan varsa, bunu etmək lazımdır".

Fazil Mustafa həmçinin qeyd edib ki, qanunvericilikdə hər hansı dəyişikliyin edilməsi lazım gələrsə, Milli Məclisdə dərhal qəbul edilə bilər:

"Qanunvericilikdə dəyişikliklər və ya istisnaların olması lazım gələrsə, müvafiq komitə və ya nazirlik təklifini Milli Məclisə təqdim etməlidir. Biz dərhal bunu qəbul edə bilərik ki, yeni qaydalar həmin ailəyə, həmçinin bu vaxta qədər olan hallara da şamil oluna bilər.

Formal olaraq qanunvericilikdə şəhid qardaşı və bacısına status verilməsi nəzərdə tutulmayıb. Hətta biz təklif etmişdik ki, bununla bağlı dövlət tərəfindən bu istiqamətdə səlahiyyəti tanınan qeyri-hökumət təşkilatları şəhid bacı və qardaşlarına bəlli bir vəsiqə də versin, çünki sui-istifadə edənlər var. Düşünürəm ki, bu məsələni qısa müddətdə rahatlıqla həll etmək mümkündür".

Qeyd edək ki, ƏƏSMN yaydığı açıqlamada bildirmişdi ki, şəhidin qardaşına imtiyazlı şəxs kimi 1 otaqlı mənzil təklif edilsə də, Sənan Əhmədov qəbul etməyib.

"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib".

Xatırladaq ki, Səbuhi Əhmədov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alan zamanı şəhid olub. Səbuhi Əhmədov və qardaşı Sənan Əhmədov uşaqlıqdan valideyn himayəsindən məhrum olublar və "SOS" Uşaq Evində böyüyüblər.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR