"112 saylı məktəbdə şagirdlər arasında baş verən xoşagəlməz hadisə həm də ciddi mesajdır. Bu kimi hadisələr ciddi araşdırılmalı, cəza tədbirləri görülməlidir".

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, belə hadisələr uşaqlar arasında aqressivliyin artdığını göstərir:

"Bu həm də şagirdlər arasında aqressiyanın artdığını göstərir. Bu məsələdə həm valideynlər həm də məktəblər ciddi məsuliyyət daşıyırlar. Bu suallara cavab axtarılmalı, aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Nə üçün uşaqlar bu qədər aqressivdirlər? Nə üçün ətrafda olan o qədər şagird həmin xoşagəlməz vəziyyətə heç bir reaksiya vermədilər? Bu biganəliyin səbəbi nədir? Sinif rəhbərləri və məktəb direktorları siniflərdə gedən proses və xoşagəlməz hadisələrdən nə qədər məlumatlıdırlar? Əgər indi bu suallara cavab axtarmasaq, gələcəkdə bu kimi hallar daha da artacaq. Övladlarımıza nəzarət edək, onlara vaxt ayıraq, düzgün tərbiyə verək. Bəzən bir şəxs bütün dünyanı xilas edə ya da məhv edə bilər. Özümüzdən sonra bizə lənət etdirəcək yox, rəhmət oxutduracaq övladlar yetişdirək".

Gülər Seymurqızı

Həmçinin oxuya bilərsiniz: Şagirdlər bir-birini nəyə görə döyüb? - Məktəbdən AÇIQLAMA