“Praqa görüşü bir daha göstərdi ki, Azərbaycan qalib dövlət kimi sülh, sabitlik, iqtisadi inkişaf istəyir”.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib. Azərbaycanın müzakirə masasından qaçan dövlətlərdən olmadığını vurğulayan Yücel Karauz bildirdi ki, cənab Prezident İlham Əliyevin apardığı şəffaf və prinsipial siyasət bir daha görüş əsnasında öz əhəmiyyətini nümayiş etdirdi.

"Artıq Cənubi Qafqazda Azərbaycan və Türkiyə olmadan söz demək mümkün deyil" -

Yücel Karauz

“Bildiyiniz kimi, Praqa görüşündə Avropa Birliyinə üzv olan 27 ölkə və Birliyə üzv olmayan 17 ölkə də olmaqla, ümumilikdə 40 ölkənin rəsmiləri bir araya toplaşmışdı. Müzakirələr əsnasında Azərbaycanın sülh, sabitlik, əmin-amanlıq istəyi, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduqları vurğulanmaqla bərabər, sülhə gedən yolda qurulan tələlər və maneələr də xatırladıldı. İştirakçı ölkələrin liderləri də Azərbaycanın geosiyasi məkanda artan rolu, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində inkişafına yaxşı bələddirlər. Dünyanın iqtisadi və siyasi baxımından güclü dövlətləri arasında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dostluğu, qardaşlığı, əl-ələ, qol-qola yürüyüb davranması bir daha sübut etdi ki, artıq Cənubi Qafqazda Türkiyə - Azərbaycan yəni Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev olmadan bir söz demək mümkün deyil”.

Praqa səfərinin nəticələrini dəyərləndirən Yücel Karauz bu görüşü Azərbaycan və Türkiyə üçün bundan sonra sülh və sabitliyə töhfə vermək baxımından vacib hesab etdi.

“Bildiyiniz kimi, ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrana səfəri zamanı Azərbaycan və Türkiyəni güzəştə getməyən və sülhü pozan tərəf kimi ittiham etmişdi. Ona görə də mən iki Prezidentin, Türkiyə Respublikası və Azərbaycanın dünyaya güc, birlikdəlik nümayiş etdirməsini çox vacib hesab edirəm. Cari məsləhətləşmələrdən sonra, əlbəttə ki, dərhal tez bir zamanda nəticə əldə olunmasa da düşünürəm ki, böyük bir məsafə qət edə bilmişik. Çünki Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan baş naziri Paşinyan ilk dəfə üz-üzə görüşüblər. Bilirəm ki, bunun da xeyri olacaq. Burada əsas məsələ qalib, 28 ildir hüququ pozulan bir dövlət kimi Azərbaycanın da öz hüquq və mənafelərini dünyanın gözü qarşısında ifadə edib onu müdafiə etməsi oldu. Praqa görüşü Azərbaycanın haqq və hüquq səsini dünyaya çatdırmaq baxımından böyük irəliləyişə səbəb oldu”.

Gülbəniz Hüseynli / Metbuat.az