İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirlərinin iştirak etdiyi tədbirdə TDT-nin gündəliyində duran prioritet məsələlərlə yanaşı, bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunacaq.

İclas iştirakçılarını salamlayan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türk dünyasının tarixdə olduğu kimi, bu gün də qlobal geosiyasətin mərkəz halına gəldiyini deyib.

Bildirilib ki, enerji, ticarət, nəqliyyat marşrutunda şərq ilə qərbi, şimal ilə cənubu bir-birinə bağlayan kritik bir mövqeyə sahibik. Dünyanın yaşadığı bu çətin dövrdə qlobal sabitlik və firavanlıq üçün türk dünyasının əhəmiyyəti daha da artıb. Pandemiyanın yaratdığı problemlərin hədə də aradan qaldırılmadığı dövrdə bir daha Rusiya-Ukrayna böhranı ilə sarsıldıq. Qlobal sabitlik təhlükə altındadır. Artan enerji və qida qiymətləri bütün dünyanı təhlükə altına qoyur. Türk dünyası olaraq biz də bundan təsirlənirik. Bu gün bütün bunlar ətrafında müzakirələr aparıb ortaq addımlarla bağlı fikir mübadiləsi aparacağıq.

Öz növbəsində türk dövlətləri arasında nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılmasının əhəmiyyətini vurğulayan TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım qeyd edib ki, bu baxımdan ortaq dəhlizin əhəmiyyəti çox yüksəkdir. Bu dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də maddiyat baxımından digər ticarət yollarından daha tez və sərfəlidir. Rusiya-Ukrayna qarşıdurması son dövrdə bu dəhlizin daha təhlükəsiz və işlək olduğunu bir daha göstərdi. Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq. TDT-yə üzv ölkələr bu dəhlizin üzərində yerləşir və Zəngəzur dəhlizinin tezliklə açılması hər birimizin maraq dairəsi daxilində olmalıdır.

İclasda bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında müzakirə olunacaq məsələlərə diqqət çəkən Binəli Yıldırım bildirib ki, TDT-nin xarici ölkələrlə toplam ticarət həcmi 700 milyard ABŞ dolları məbləğindədir. Lakin, TDT ölkələri arasında bu məbləğ 20 milyard dollar təşkil edir. Bu rəqəmin artırılması istiqamətində də fikir mübadilələri aparılmalıdır. Bu istiqamətdə Səmərqənddə keçiriləcək Liderlər Zirvəsində sərbəst ticarət anlaşmasının imzalanması istiqamətində işlər aparılır.

Digər mövzular arasında türk investisiya fondunun yaradılması, TDT-nin büdcəsinin artırılması və Ağsaqqallar Şurasının büdcəsinin müəyyən edilməsi məsələləri də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR