Şəkidə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnikaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.
Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Şəki Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları, “Aqroservis” ASC-nin rəhbərliyi, kənd təsərrüfatı istehsal vasitələrinin idxalı və satışı ilə məşğul olan şirkətlərin rəhbərləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən iri taxılçılıq şirkətlərinin və digər kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri və 500 nəfərdən çox fermer iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Şəki Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov aqrar sahənin inkişafı istiqamətində kompleks tədbirlərə toxunub, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev bildirib ki, iqtisadiyyatın digər sahələri kimi aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı güzəştlər tətbiq edilir. İldən-ilə iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə təsirləri daha aydın hiss olunur və məhsuldarlıq göstəricilərinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan qlobal iqlim dəyişikliyinin səbəb olduğu suvarma ilə bağlı çətinliklərin həllində torpaq və resursqoruyucu texnikalar, müasir texnologiyaların tətbiqi zərurətə çevrilir. Kənd təsərrüfatı sahəsində tətbiq edilən hər bir innovasiya insanların işlərini asanlaşdırmaqla kənd təsərrüfatının daha sürətli inkişafını təmin edir. Belə ki, yeni texnologiyaların geniş tətbiqi torpaq və su resurslrından səmərəli istifadə ilə yanaşı, məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov qeyd edib ki, müşavirənin əsas məqsədi torpaq və resursqoruyucu texnikalar barədə fermerlərin məlumatlandırılması, kənd təsərrüfatı istehsal vasitələrinin satış qaydalarına dair maarifləndirilməsi, həmin texnikaların iş prinsipinin birbaşa tarlada nümayiş etdirilməsi, eləcə də ölkəmizdə texnikaların təchizatı və satışı ilə məşğul olan şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasıdır.
Müşavirə iştirakçıları belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıblar.
Sonra şirkətlər tərəfindən nümayiş etdirilən torpaq və resursqoruyucu texnikalara, həmçinin gübrə və pestisidlərə baxış keçirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda Öryət və Şəki kəndlərində müxtəlif innovativ və kombinə edilmiş çoxfunksiyalı, torpaq və resurs qoruyucu texnikaların tarla şəraitində iş prinsipi əyani olaraq nümayiş etdirilib.