Ekoloji balansın qənimi - plastik tullantılar:

Ölkədə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri aparılır.

Son dövrlər görülən işlər çərçivəsində plastik qabların toplanması üçün şəhərlərdə və rayon mərkəzlərində əhalinin cəmləşdiyi ərazilərdə xüsusi konteynerlər qoyulub. Məqsəd plastik tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, təkrar emal bazarının möhkəmləndirilməsi, yeni iş yerlərinin açılmasından idarətdir.

Bu barədə daha ətraflı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Metbuat.az-ın suallarını cavablandırıb. Nazirlik rəsmisi ilə olan müsahibəni təqdim edirik:

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədi ilə son vaxtlar hansı tədbirlər görülüb?

Mehman Nəbiyev

“Bildiyiniz kimi, plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Plastik tullantılar ətraf mühiti çirkləndiməklə yanaşı canlı aləmin, o cümlədən bitkilərin, heyvanların, dəniz bioresurslarının, quşların həyatı üçün təhlükə törədir, onların yaşayış mühitini məhdudlaşdırmaqla ölümünə səbəb olur. Hətta bəzi dəniz canlıları bu tullantıları qida kimi qəbul edərək məhv olur. Məsələnin aktuallığı nəzərə alınaraq, tullantıların idarə olunması sahəsində qəbul olunmuş strateji hədəflərə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür. Nazirliyin təşəbbüsü ilə qəbul olunmuş plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair kompleks tədbirlərin icrası nəticəsində ölkəmizdə plastik mənşəli tullantıların idarə olunmasında müsbət irəliləyişlər əldə olunmuşdur. Plastik tullantıların mənfi təsirinin azaldılması və resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə milli qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülmüşdür”.

- Bir müddət öncə Azərbaycanda polietilen torbalardan imtina üçün marketlərdə ödənişli sisteminin tətbiqi nə qədər effektiv oldu?

“Marketlərdə polietilen torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Alıcılar da bundan pulsuzdur deyə məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də, sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Bu torbalar qısa müddət ərzində istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır. Məlumat üçün bildirim ki, poletilen torbalar çox yüngül çəkili (qalınlığı 15 mikrona qədər olan) və yüngül çəklil (qalınlığı 15-50 mikron olan) olmaqla qruplaşdırılır. Bir dəfə istifadə üçün nəzərdə tutulmuş çox yüngül çəkili polietilen torbalar (pinqvinlər) təbiətə düşdükdən sonra onları geri yığmaq iqtisadi cəhətdən səmərəli olmadlğı üçün ətraf mühitin çirklənməsində rolu daha çoxdur. Ətraf mühiti bu tullantılardan qorumaq üçün onları yaradan məhsullardan istifadəni tədricən azaltmaq, bu məhsulların əvəzində alternativ materialdan olan məhsullara üstünlük vermək lazımdır. Bu səbəblə həmin məhsulların müasir təcrübədə olduğu kimi məhdudlaşdırılması, azaldılması istiqamətində tədbirlər görülür. Əvəzində isə ətraf mühitə ziyan verməyən materialdan hazırlanan qab və torbalardan istifadə nəzərdə tutulur. Məsələn, çox istifadə olunan, parça, kağız, bioplastik torbalar var ki, təbiətdə onlar tez parçalanır. Bir çox ölkələrdə yüngül və çox yüngül çəklil polietilen torbaların məhdudlaşdırılması, qadağan olunması, ödənişli olması və hətta belə torbaların satışına görə əlavə vergilər tətbiq olunması ilə ətraf mühitin qorunması hədəflənir. Ölkəmizdə də həm müasir təcrübə, həm yerli şərait nəzərə alınmaqla bir dəfə istifadə üçün nəzərdə tutulmuş plastik məhsulların (plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların), eləcə də qalınlığı 15 mikrona qədər olan polietilen torbalar (pinqvinlər) qadağan olunmuş, qalınlığı 15-50 mikron olan nisbətən qalın polietilen torbalardan istifadənin azaldılması məqsədilə bu məhsulların marketlərdə alıcılara ayrıca məhsul kimi satışı ilə bağlı qərar olmuşdur. Ticarət şəbəkələrinin iştirakı ilə təşviqedici görüşlər, tədbirlər keçirilir. Bu qərarların qəbul olunmasında məqsəd ətraf mühitin çirklənməsində daha çox paya malik plastiklərin əvəzində onların alternativlərinin istehsalının və idxalının təşviq olunmasıdır”.

- Plastik qablaşdırıcıların selektiv toplanması və utilizasiya müəssisələrinə təhvil verilməsi sahəsində stimullaşdırıcı hansı vasitələrdən istifadə olunur?

“Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruridir. Son illərdə Azərbaycanda da bu istiqamətdə bir çox məqsədyönlü işlər görülüb. Ölkədə emal və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Prezident İlham Əliyev 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin fərmanı ilə "Ətraf mühitin mühafizəsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanun qəbul olunub. "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun 46-maddəsinə "Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarəti, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadagandır" əlavə olunub. Bu qanunun müddəaları polietilen torbalara münasibətdə 1 yanvar 2021-ci ildən, birdəfəlik çubuq, çəngəl, qaşıq, bıçaq və stəkanlara münasibətdə isə 1 iyul 2021-ci ildən qüvvəyə minib. İnzibati Xətalar Məcəlləsinə yeni 275.4 və 275.5-ci maddələri əlavə olunmuşdur. Bu maddələrin tələbləri pozulduqda inzibati xətanın bilavasitə obyekti olmuş plastik material müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüququ şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilirlər. İnzibati xəta cərimə qərarı qüvvəyə mindikdən 1 il müddətinə təktar törədilərsə onda plastik materiallar müsadirə olunmaqla vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə edilirlər.

Qeyd edim ki, qablaşdırma tullantılarının çeşidlənməsi və düzgün idarə olunmasında əhalinin yaxından iştirakı, çeşidlənmiş tullantıların təkrar emala çatdırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində pilot layihələr icra olunur. Nazirlik tərəfindən istehsalçılarla birgə həyata keçirilən pilot layihələr çərçivəsində parkların, yaşayış sahələrinin, universitetlərin ərazisində yerləşdirilmiş xüsusi konteynerlərdə toplanan plastik qablar təkrar emala yönəldilmişdir. Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması haqqında maarifləndirici xarakterli çap və video materiallar hazırlanaraq yayılması təmin edilmiş, sosial mediada, o cümlədən Nazirliyin “Facebook” səhifəsində mütəmadi olaraq videoçarxlar, digər maarifləndirici və məsləhət xarakterli materiallar yerləşdirilmiş, bu sahədə ictimai məlumatlılıq artırılmışdır. Hazırda gənclərin bu prosesdə yaxından iştirakı üçün təkrar emal üzrə “hacathon” müsabiqələri təşkil edilir”.

- Plastik tullantıların düzgün idarə olunması istiqamətində Nazirliyin ölkə ərazisində apardığı reydlər nə qədər qənaətbəxş sayıla bilər?

“Yuxarıda qeyd olunan qərarların icrasına aidiyyəti qurumlarla birgə nəzarət olunur, birgə monitorinqlər və maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin, Tədbirlər planına uyğun olaraq maarifləndirmə ilə yanaşı, təhsil müəssisələri ilə əməkdaşlıq qurulmuş, plastik tullantılar haqqında əlavə tədris materialı hazırlanmış və Elm və Təhsil Nazirliyinin Tədris resurslarının idarə olunması üzrə məlumat sisteminə daxil edilmişdir. İlkin qiymətləndirmələrə görə tədbirlər planının qəbulundan sonra özəl sektorun alternativ qablaşdırmalara marağı artmış, belə müəssisənin fəaliyyəti genişlənmişdir. Qeyd edək ki, könüllülər, məktəblilər, universitet tələbələri, aidiyyəti dövlət qurumları Nazirliyin həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edirlər. İstehsal müəssisələrindən bəziləri təşəbbüslə çıxış edərək pilot layihələr icra edir və univesitetləri, təkrar emal müəssisələrini də bu işlərə cəlb edirlər. Biznes sektordan da bu işlərə kömək etmək istəyənlər var. Lakin bu dəstək istənilən səviyyədə deyil. Biz istərdik ki, geniş ictimaiyyət, bütün maraqlı tərəflər ölkə səviyyəsində aparılan bu işlərdə yaxından iştirak etsinlər. Həmçinin, məktəblər, universitetlər, satış mərkəzləri, istehsalçılar, yerli idarəetmə orqanları yanaşı hər kəs öz fəaliyyət sahəsində bu işlərə töhfə verə bilər. Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə nazirliyin üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR