“Hüquqları pozulan uşaqları talelərinin hökmünə buraxmamalıyıq” -

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylığın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

“Uşaq Hüquqları Aylığı” elan olunduqdan sonra ölkənin orta məktəblərində şagirdlər uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, dəyirmi masa, seminar, müsabiqə və sərgilər təşkil olunub.


Təqdirəlayiq haldır ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 1 və 2 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilib. Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının da iştirakı təmin olunmaqla uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib. Eyni zamanda, ayrı-seçkilik və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizəsi məsələlərinə toxunulub.


Daha bir önəmli bir fakt da ondan ibarətdir ki, 20 oktyabrdan bu günə qədər ölkədə uşaq hüquqlarının ciddi pozulduğu iki hadisə yaşanıb. Onlardan biri Göyçayda ərə verilən 14 yaşlı qız ilə bağlı idi. Fakt ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat paylaşdıqdan dərhal sonra Daxili İşlər Nazirliyi məsələyə müdaxilə edərək toyun baş tutmasının qarşısı alındı. Noyabrın altısında isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində həyatını itirmişdi. Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Müsahibimiz “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı Metbuat.az-a bildirdi ki, bu aylıq elan edildikdən sonra ölkədə azyaşlılarla bağlı kriminal hadisələrin mətbuata çıxması halları da bir mənalı qarşılanmadı.

Lalə Mehralı

“Ümumiyyətlə, tək aylıq elan olunmadığı dövrlərdə də belə vəziyyət daha çox müşahidə edilir. Biz bu hadisələrlə əksər hallarda sosial şəbəkələr vasitəsi ilə xəbərdar oluruq. Əslində mətbuata çıxmadan, cəmiyyətdən gizlədilən elə hallar olur ki, xəbərimiz olmur. Bəzən bu hadisələr gizlədilə bilir, nəticədə sirr kimi qalır. Əgər uşaq aylığı çərçivəsində bu hadisələr baş verirsə, gör onda başqa vaxtlar nələr ola bilər”.

Lalə Mehralı hesab edir ki, uşaq hüquqları ilə bağlı çox az deputat, dövlət rəsmiləri narahatdır.

“Hüquqları pozulan uşaqların öz talelərinin hökmünə buraxılması, onları savadsız kütlənin ixtiyarına vermək bizim cəmiyyətə nə qazandıracaq?.Gələcəyimiz üçün hansı qazanc əldə edəcəyik?. Bütün gələcək uşaqlar üzərində qurulub. Uşaqların hüquqları qorunmalıdır. Onlar konstitusion hüquqlarından istifadə edib təhsil almalıdırlar. Biz tez-tez azyaşlı qızların erkən ərə verilməsi, hamiləlik və hətta doğuş stolunda ölüm faktlarının baş verdiyinin xəbərlərini eşidirik. Belə olan halda ağıla gələn ilk sual odur ki, nə üçün aidiyyatı qurumlar lazımı qədər bu sahədə iş görə bilməməsi ilə bağlıdır. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı xüsusi mexanizmin işləndiyinin şahidi olmamışam. Biz aylıq keçirsək də, keçirməsək də, vəziyyət eynidir”, - deyə Lalə Mehralı qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR