Valideynlər arasındakı münaqişə və qətl hadisələri uşaqlara necə təsir göstərir?

Ailədaxili münaqişələr hər zaman tərəflərin təmkinli davranışı ilə bitmir, əksinə çox zaman qətllə sonlanır. Hər gün oxuduğumuz "Azərbaycanda kişi arvadını qətlə yetirdi", "Gəncədə ər arvadının gözlərini çıxartdı, özü isə intihar etdi", "Kişi arvadını baltaladı" və s. başlıqları ilə yayımlanan xəbərlər də buna misaldır.

Bu dəhşətli hadisələrdə təkcə qadın və kişi iştirak etmir, baş verənlərdən ən çox təsirlənən və ya zərər görən uşaqlardır. Bəs onların şahidi olduğu bu kimi hadisələr gələcəkdə nələrə səbəb olur?

Metbuat.az-a danışan psixoloq Vüsalə Əmiraslanova deyir ki, uşaqlarda həmişə ailə münasibətləri fonunda narahatlıqlar olur. Baş verən hadisələrə şahid olan zaman isə artıq həyəcanları daha da artır.

"Ailədaxili münasibətlər və münaqişələr uşaqlara birbaşa təsir edir. Bəzən valideynlər uşaqların yanında danışmasalar belə, onlar daim valideynlərinin birinin itkisindən qorxur, yaxud valideynlərdən biri digərinə xəsarət yetirər, hansı daha tez rəhmətə gedər deyə narahat olurlar. Amma şiddət, davaları onlar eşidə və ya görə bilirlərsə, bu artıq ikiqat həyəcan, təşviş yaradır".

Şəkilin açıqlaması yoxdur.

Vüsalə Əmiraslanova

Psixoloq deyir ki, qətl zamanı tərəflərdən biri bu əməli şüurlu şəkildə etməyə bilər. Əks halda bu artıq həmin tərəfin psixi durumundan xəbər verir:

"Ümumiyyətlə, bu qətl hadisələri çox sarsıdıcı bir haldadır. Son vaxtlar qətli törədən insanın bunu şüurlu şəkildə etdiyi belə şübhə altındadır. Şüurlu şəkildə edən insan övladının yanında bunu etməz. Əgər lap dərin analiz etsək, bütün bunları uşaqlarının gözü qarşısında yoldaşını cəzalandırmağa çalışır. Bu da əlbəttə ki, onun psixi durumunun hansı dərəcədə olmasından xəbər verir. Əgər pisixi durumunda problem varsa, narkotik vasitədən istifadə edibsə, alkoqolizm şübhəsi varsa, bu əlbəttə ki, özündən asılı olmadan affekt halında etdiyi vəziyyətlərdir. Bəlkə də ayılsa daha da pis olar, amma bilərəkdən olursa, bu, artıq bir psixi pozuntuların olmasını göstərir".

Bütün bunlar hətta uşaqların gələcək şəxsi və ailə həyatlarında da özünü büruzə verir. Hətta bu təsir narkotik vasitələrdən tutmuş içkiyə qurşanmaya qədər gətirib çıxarır:

"Uşaqlara təsiri isə əlbəttə ki, çox pisdir. Çünki uşaqlara hər yaşda gözəl günlər bəxş etməliyik. Amma şiddət onların gələcək həyatında psixikalarının korlanmasına, aqressiv, çətin tərbiyə olunan uşaq olmalarına, hətta gələcəkdə özlərinin həyatında qeyri- müəyyənliyə, ailədaxili münaqişələrə gətirib çıxarda bilir. Hətta asılılıq da yaradır. Bəzən narkotik vasitələrdən və içkiyə qurşanmasına qədər gətirib çıxarır".

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR