İcbari tibbi sığorta ilə vaxtından əvvəl doğulan körpələrə dövlət qayğısı gücləndirilir

Xüsusi qayğıya ehtiyacı olan vaxtından əvvəl doğulmuş uşaqların sağlamlıqlarının qorunmasını təmin etmək məqsədilə Xidmətlər Zərfinə 221 sayda tibbi xidmət daxil edilib.

Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) verilən məlumata görə, hHəmin xidmətlər hamiləliyin 22-ci həftəsində olan qadınlara və onların vaxtından əvvəl doğulmuş körpələrinə Bakı şəhərində və regionlarda (Gəncə və Sumqayıt şəhərləri, Quba, Lənkəran, Şəki və Sabirabad rayonları) fəaliyyət göstərən perinatal mərkəzlər, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (yalnız uşaqlara) göstərilir.

Stasionar şəraitdə göstərilən bu terapevtik xidmətlər körpələrin həyatının xilas edilməsində, yarana biləcək əlillik hallarının qarşısının alınmasında mühüm rol oynayır. Bu xidmətlərə ürək-damar, tənəffüs və həzm sistemi xəstəlikləri, qan xəstəlikləri, yoluxucu xəstəliklər, iflic, müxtəlif səbəblərdən yenidoğulmuşun zədələnmələri və travmaları ilə bağlı ağırlaşmaların müalicəsi daxildir.

Diqqətə çatdırırıq ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində vaxtından əvvəl doğulmuş 4 000-dən çox körpə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə əhatə olunub.

Agentlik tərəfindən davamlı olaraq müvafiq dövlət tibb müəssisələrinin avadanlıq, dərman vasitələri və tibbi ləvazimatla bağlı təchizatı da təkmilləşdirilir. Belə ki, 2021-2022-ci illər ərzində stasionar şəraitdə göstərilən tibbi yardımla bağlı 11 adda avadanlıq tibb müəssisələrinə təqdim olunub. Agentlik tərəfindən təmin edilən avtomatik oksigen təchizatı və optimal temperaturun tənzimləndiyi küvəz, habelə tənəffüs, isitmə cihazları və digər avadanlıqlar körpə üçün həyati əhəmiyyət daşıyır.

Tibb müəssisələri mütəmadi qaydada vaxtından əvvəl doğulmuş uşaqların inkişafında mühüm rol oynayan 15 adda dərman preparatı ilə təmin olunur. Bu dərmanlar arasında həyat xilas edən preparatlara nümunə olaraq tənəffüs sistemi pozuntularını aradan qaldıran “Poraktat alfa” və “Kafein sitrat”, eləcə də ürək qüsuru ilə doğulan uşaqlarda qan dövranını nizamlayan “Alprostadil” kimi vasitələr qeyd oluna bilər.

Tibb müəssisələri həmçinin körpənin qidalanması, qan-damar, tənəffüs və sidik-cinsiyyət sistemi, həmçinin digər orqanların müayinə və müalicəsində istifadə olunan 63 adda tibbi ləvazimatlarla təchiz olunurlar.

Hər il dünyada 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd vaxtından əvvəl doğuşun təhlükəsi və fəsadları, profilaktikası, o cümlədən hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Vaxtından əvvəl doğuş hamiləliyin 22-ci həftəsindən 37-ci həftəsinə qədər baş verən doğuş hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR