Akar Bakıdan mesajlar verdi:

"Türkiyə və Azərbaycana qarşı hər hansı təhdid və ya təxribatın haradan və kimdən olmasından asılı olmayaraq hər iki ölkəyə yönəldiyini qəbul edirik. Dostumuzu bir yerdə dost, düşmənimizi isə düşmən görürük. Buna heç kimin şübhəsi olmasın".

Metbuat.az CNN türk-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə keçirilən birgə hərbi təlimlərini izləyərkən deyib.

"Türkiyə və Azərbaycan qardaş ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı kədər və sevincdə bir yerdədir. 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarınızı işğaldan azad etdiyiniz zaman bütün dünya aramızda olan qardaşlığın ən gözəl nümunəsini bir daha gördü və dərk etdi. Siz 44 günlük bu şərəfli mübarizənin nəticəsi olaraq təkcə Ermənistana qarşı deyil, bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, çarəsizliyə göz yumanlara qarşı da böyük qələbə qazandınız, türkün gücünü göstərdiniz. 30 illik əzmkarlıq, inam və qətiyyət nəticəsində əldə edilən bu qələbə sayəsində uzun illərdən sonra ilk dəfə regionda sülh və sabitlik ümidləri çiçəkləndi", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri təlimi izləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR