Yeni illə bağlı hansı işçilərə mükafat verilir?

2022-ci ilin son günlərini yaşamaqdayıq. İlin sonuna doğru bir sıra qurumlarda, xüsusilə ali təhsil müəssisələrində işçilərə pul mükafatlarının verilməsi barədə məlumatlar ictimailəşir. Qurumlarda işçilərə maaşları qədər və ya digər məbləğlərdə pul mükafatının verilməsi isə bir çox insanlarda maraqla qarşılanır və bu barədə müzakirələr aparılır.

Bəs işçilərə verilən bu pul mükafatları hansı vəsait hesabına formalaşır, kimlərə verilir və ildə neçə dəfə təqdim edilir?

Metbuat.az xəbər verir ki, əmək və maliyyə hüququ üzrə ixtisaslaşmış hüquqşünas Elnur Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət qurumlarında mükafatların verilməsi həmin quruma aid “Xidmət keçmə haqqında” və “Dövlət qulluğu haqqında” qanuna əsasən tənzimlənir: “Bir çox hallarda ildə 3 dəfə pul mükafatının verilməsi nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanının rəhbərinin verdiyi əmrdən asılı olan məsələdir. Məsələn, dövlət qulluqçularına qurumun büdcəsindən ildə 3 dəfə pul mükafatının verilməsi nəzərdə tutulubsa, bu əvvəlcədən nəzərə alınır. İlin əvvəlində büdcə təsdiq olunanda işçilərin sayına uyğun olaraq onlara il ərzində 3 dəfə maaşları qədər mükafatların verilməsi də layihəyə salınır. Bu mükafatların hansı tarixlərdə təqdim edilməsi isə həmin qurumun rəhbərinin səlahiyyətində olan məsələdir. Məsələn, mükafatları 50 faiz-50 faiz hissələrə də bölə bilər, tam da verə bilər. Adətən mükafatın birini ilin sonuna saxlayırlar”.

Vəkil əlavə edib ki, son vaxtlar “Dövlət qulluğu haqqında”, eləcə də bir sıra qurumlarda “Xidmət keçmə haqqında” qanunlarda dəyişikliklər olub. Dəyişikliklərdən sonra mükafatların verilməsi və hesablanması qaydaları da müxtəlif cür ola bilər: “Bundan başqa bir sıra qurumlarda maliyyə sanksiyaları ilə toplanmış vəsaitin 20 faizinə kimi işçilərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına da yönəldilir. Bu da qanunla tənzimlənir”.

E.Quliyev özəl sektorda mükafatların verilməsinin qanunla tənzimlənmədiyini bildirib: “Özəl sektorda işəgötürənin özünün gəliri çox olarsa, illik mənfəəti yüksək olarsa, özləri bayramlarla və ya digər xüsusi günlərlə əlaqədar mükafat verə də bilər, verməyə də bilər. Bu məcburi şərt deyil. İstənilən halda mükafatlar rəsmi qaydada ödənilir və vergiyə cəlb olunur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR