Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2022-ci il üzrə sosial durumları və media məkanında iz qoymuş hadisələrə dair yekun hesabatını açıqlayıb.
JuHİ sədri Müşfiq Ələsgərli Metbuat.az-a bildirib ki, hesabat 70 KİV redaksiyasını təmsil edən jurnalistlər arasında keçirilmiş sorğu, həmçinin, 2022-ci il ərzində təşkilat tərəfindən aparılmış monitorinqin nəticələri əsasında hazırlanıb. Hesabata görə, 2022-ci ildə KİV redaksiyalarında işçilərlə əmək müqavilələrinin bağlanılması sahəsində uğurlu nəticələr əldə edilib. Sorğuya cəlb edilənlərin 90%-dən çoxu bildirib ki, çalışdıqları redaksiyalarda əməkdaşlarla əmək müqavilələri bağlanılır.
Hesabatda bildirilb ki, 2022-ci ildə müşahidə edilən hal ondan ibarətdir ki, jurnalistlərin aylıq gəlirləri Azərbaycanda ümumi orta aylıq gəlirə müvafiqdir və ya üstündür.
Rəyi soruşulanların:
• 18 faizi aylıq gəlirlərinin 300-500 manat;
• 27 faizi aylıq gəlirlərinin 500-700 manat;
• 49 faizi aylıq gəlirlərinin 700-1000 manat;
• 6 faizi aylıq gəlirlərinin 1000 manatdan yüksək olduğunu bildiriblər.
Əmək haqqı sahəsində aşağı göstəricilər daha çox regional KİV-lərdə qeydə alınıb.
Media sahəsində 2022-ci ildə bir sıra diqqət çəkən hadisə və tendensiyalar olub:
• 2022-ci il fevralın 8-dən “Media haqqında” qanun qüvvəyə minib. Bu kontekstdə ölkədə KİV subyektləri və jurnalistlərin Media Reyestrinə alınmasına start verilib. Reyestrə alınmış KİV subyektlərinə arayış, jurnalistlərə isə “jurnalist vəsiqəsi” verilir.
Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan və ən azı 15 il jurnalist işləyən, Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər:
• 2022-ci ildə Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni üzvləri, o cümlədən, qurmun yeni sədri seçilib.
• Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb. Aytən Məmmədovanı yaşadığı binanın blokunda saxlayıb bıçaqla təhdid edən şəxs ondan məhkəmə reportajlarını dayandırmağı tələb edib və hadisə yerindən qaçıb.
- Bloger / jurnalist Əvəz Hafizli (Şıxməmmədov) məişət zəminində baş vermiş mübahisə zəminində əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib.
- Məhkəmə “Meydan TV”nin reportyoru jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyub. Vaqifqızı bildirib ki, Bakı şəhərindəki 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın iddiası üzrə "məhkəmə qərarını icra etməməkdə" ittiham olunur.
- “Cenub.az” internet saytının rəhbəri Zahir Əmənov fəaliyyəti ilə əlaqədar müvəqqəti saxlanılıb, sonra azadlığa buraxılıb.
- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə “Baku TV”nin əməkdaşı arasında yaşanmış insident ciddi rezonans doğurub.
• KİV-dən sui-istifadə hallarına yol verməkdə, informasiya dövriyyəsini tənzimləyən qanunlara zidd davranmaqda təqsirli bilinən bir sıra şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barələrində hüquqi ölçü götürülüb. 2022-ci ildə barələrində hüquqi ölçü götürülən KİV və jurnalistlərin, xəbər istehsalçılarının sırasında “Səda TV” internet kanalının rəhbəri Elnur Şükürov, “Patrul.az” xəbər portalının təsisçisi Səməndər Niftəliyev, “KİM.TV”-nin təmsilçisi Abid Qafarov, “Demokratik.az” saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev), JAM.az saytının rəhbəri Fikrət Fərəməzoğlu, “Yeniavaz.az” saytının təsisçisi Namiq Əliyev, “Xural” TV-nin təsisçisi Əvəz Zeynallı, "Xalq.az" saytının rəhbəri Zaur Mirzəzadə, “Sizintv.az” saytının rəhbəri Bayram Hacıyev, “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov, “Cenubunsesi.az" saytının rəhbəri Mərhəmət Lələyev və digərləri vardır.
• Adları beynəlxalq təşkilatların hesabatlarında həbsdə olan jurnalistlər kimi hallandırılan şəxslərdən bir qismi 2022-ci ildə sərbəst buraxılıblar. Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncama əsasən, həbsdən azad edilənlər sırasında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov da olub.
• Özünü dini təmayüllü xəbərlər yayan sayt elan edən, buna rəğmən, ictimai rəyi çaşdırmaqda şübhəli bilinən bir sıra xəbər saytlarının fəaliyyətləri dayandırılıb. Bu sırada maide.az, deyerler.az, shia.az, islaminsesi.az və digər saytların adları var.
2022-ci ildə qlobal hadisəyə çevrilən Rusiya-Ukrayna müharibəsi Azərbaycan mediasında da iz buraxıb. Bu kontekstdə:
- Rusiya Federasiyası “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə müharibəbarədə obyektiv məlumat paylaşan rusdilli Azərbaycan KİV-lərinin Rusiya ərazisində yayımlanmasına yasaq qoyulub. Birinci mərhələdə 4 Azərbaycan KİV-nin yayımı Rusiya ərazisində bloklanıb.
- Azərbaycan jurnalistləri Rusiya-Ukrayna müharibəsindən reportajlar hazırlamaq üçün Ukraynaya ezam ediliblər, burada uğurlu fəalyyət göstəriblər. Qeyd edilməsi zəruridir ki, Rusiya-Ukrayna müharibəsinin gedişatından reportajlar hazırlamaq jurnalistlər üçün ciddi risklər yaradıb. Ukrayna milli jurnalist təşkilatlarının hesabatına görə, 2022-ci il fevral ayından başlayaraq Rusiya-Ukrayna cəbhəsində reportaj hazırlayan 42 nəfər jurnalist həyatını itirib. Bunlardan 13 nəfərinin adı beynəlxalq jurnalist təşkilatlarının hesabatlarında təsdiqini tapıb. Qətlə yetirilənlər sırasında həm yerli, həm də xarici jurnalistlər olublar.
- Rusiyanın “RİA Novosti” agentliyinin yayımı Azərbaycan ərazisində bloklanıb. “RİA Novosti”nin bloklanmasına səbəb Qarabağ iqtisadi rayonunda mövcud olan erməni icmasının dövlət kimi təqdim edilmələri olub. Agentlik özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryanla müsahibələr dərc edib.
- "Sputnik Azərbaycan" agentliyinin rusdilli versiyasının dörd redaktoru: Zülfiyyə Əliyeva, Gülzar Mustafayeva, Cəmilə Əfəndiyeva və Yelena Starostina vəzifələrindən istefa veriblər. İstefaya səbəb “Sputnik" İnformasiya Agentliyi rəhbərliyinin Azərbaycanın mövqeyinə zidd materialın yayımlanmasını tələb etməsi olub.