16-22 dekabr tarixlərində Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Media Savadlılığı” həftəsi insanların informasiya bolluğu içində yayılan məlumatlara daha tənqidi və analitik yanaşmalarını təmin etmək üçün önəmli bir təşəbbüsdür. Layihə cəmiyyətin media vasitələrindən düzgün və təhlükəsiz istifadə etməsinə, eləcə də yalan məlumatların təsirindən qorunmasına xidmət edir.
Bu cür təşəbbüslər, xüsusilə rəqəmsal dövrdə informasiya istehlakı vərdişlərini müasir tələblərə uyğunlaşdırmaq və cəmiyyətin maariflənməsinə dəstək vermək baxımından əhəmiyyətlidir.
Metbuat.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bildirib ki, son illərdə ölkəmizdə media savadlılığına diqqət artır:
“Bildiyiniz kimi, “Media haqqında” qanunda da bu məsələ ayrı maddə olaraq qoyulur. Media savadlılığı – insanların mediada təqdim olunan məlumatları analiz edə bilmək, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir. İnternetin sürətli yayılması və sosial medianın təsiri nəticəsində bu sahədə məlumatlılığın artırılması mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə 21-ci əsr insanı mediatik və mediasavadlı olmalıdır.
Eyni zamanda Medianın İnkişaf Agentliyinin, Azərbaycan Mətbuat Şurasının cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün gördüyü işlər olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Unutmayaq ki, media savadlılığı insanlar üçün gündəlik həyatlarında medianın və məlumatın rolunu anlamaq və ondan faydalı şəkildə istifadə etmək üçün vacibdir. Bu bacarıq həm də sosial və mədəni olaraq daha məlumatlı və məsuliyyətli cəmiyyətin formalaşmasına kömək edir”.
Ekspertin sözlərinə görə, media qurumları cəmiyyətlərdə yalnız məlumat paylaşan platformalar deyil, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayan təsir mexanizmləridir:
“Media etibarlılığı müasir dövrdə ən vacib məqamdır. İnformasiya güc, təsir və manipulyasiya vasitəsi kimi strateji əhəmiyyət daşıyır. XXI əsr jurnalistikasında da biz ciddi yenilənmənin, hətta transformasiyanın şahidi oluruq. Bu yeniliklər müsbət tendensiyalarla yanaşı, mənfi məqamlarla da özünü göstərməkdədir. Təsadüfi deyil ki, biz hazırda “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “rəqəmsal irqçilik”, “dezinformasiya” problemləri ilə üzləşməkdəyik. Bu mənada şübhəsiz ki, cəmiyyətin bilgiləndirilməsini, maariflənməsini başlıca qayə olaraq götürməli olan jurnalistikamızdan cəmiyyətimizin gözləntiləri böyükdür”.
V.Zifəroğlu qeyd edib ki, doğru xəbərlə dezinformasiyanı fərqləndirmək üçün bir neçə vacib prinsip və metoddan istifadə etmək mümkündür:
“Bu yanaşmalar həm media istehlakçıları, həm də jurnalistlər üçün məlumatın doğruluğunu qiymətləndirməkdə kömək edə bilər: informasiyanı yayan platformanın etibarlılığı, xəbərin rəsmi mənbə ilə təsdiqini tapması, xəbərin əsası olan ilkin mənbəyə çıxışın şəffaflığı kimi kriteriyalar olduqca vacibdir.
Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlı olmaq tələb edir. Bu prinsipləri tətbiq etmək yalan məlumatlara qarşı daha yaxşı mübarizə aparmağa kömək edir”.
Gülbəniz Hüseynli / Metbuat.az