Bakı, 2 iyun, AZƏRTAC
Təhsil Nazirliyi və “İntel” korporasiyasının təşkilatçılığı ilə “1 şagird:1 kompyuter” layihəsinə həsr olunan seminar keçirilib.
Tədbir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda elektron təhsilin əhəmiyyəti, “1 şagird:1 kompyuter” layihəsinin tətbiqi, layihəni tətbiq edən ölkələr və bu ölkələr üzrə ən yaxşı təcrübələr, eyni zamanda, Azərbaycanda bu modelin tətbiqinə dair növbəti addımlar üzrə mövzular müzakirə olunub.
Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, artıq bir neçə ildir “1 şagird:1 kompyuter” layihəsinin tətbiqi üzərində müvafiq işlər aparılır və layihənin daha da genişləndirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumat verib, tədrisin keyfiyyətinin artırılmasında yeni avadanlıqların rolundan danışıb.
Sonra müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kurrikuluma uyğun rəqəmsal məzmunun yaradılması, İKT infrastrukturu və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.