Bakı, 2 iyun, AZƏRTAC
Fransanın Strasburq şəhərində Avropa Şurasının mədəniyyət, irs və landşaft məsələləri üzrə rəhbər komitəsinin 4-cü iclası işə başlayıb. Üç gün davam edəcək iclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə rəhbər komitənin sədri Bruno Favel açılış nitqi ilə çıxış edib.
Sonra Avropa Şurasının demokratiya üzrə baş direktoru xanım Snejana Samardjiç-Markoviç əməkdaşlıq və inkişaf sahəsində mədəniyyətin rolundan danışıb.
İclasın ilk iş günündə 2015-ci il üçün tədbirlər planı, Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, eləcə də 2016-2017-ci illərə dair proqram və büdcənin hazırlanması nəzərdən keçirilib. Yeni “Kinematoqrafiya istehsalı üzrə Konvensiya”nın ilkin versiyası Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən təsdiqlənməsi üçün razılaşdırılıb.
İclasda, həmçinin “Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı”nın 2014-cü ilin iyulunda Bakıda təşkil olunmasına görə Azərbaycan hökumətinə təşəkkür bildirilib və ikinci platforma görüşünün 2015-ci il sentyabrın 4-5-də “ARS ELEKTRONİCA” tərəfindən Avstriyanın Linz şəhərində keçiriləcəyi qeyd edilib.
İclasın ilk günündə Azərbaycan nümayəndə heyəti Macarıstan Baş nazirinin aparatı daxilində irs şöbəsinin bölmə müdiri Katalin Csillag və Avropa Şurasında demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas ilə görüşlər keçirib. Bu il mayın 18-19-da Bakıda təşkil olunmuş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.