Fevral ayının 6-da Türkiyənin 10 şəhərində şiddətli dağıntılarla nəticələnənə iki böyük - 7,7 -7,6 bal gücündə olan zəlzələyə bütün dünya şahidlik etdi. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Çox təəssüf ki, zəlzələ nəticəsində ölənlərin sayı hər gün artır. Son rəqəmlərə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 14 014 nəfər, yaralıların sayı isə 63 794 nəfərə çatıb. Dağılan bina sayı 6444. Zəlzələnin ən çox təsir etdiyi Suriyada isə ölənlərin sayı 3480-ə çatıb. Azı 3 min nəfər isə yaralanıb.
Metbuat.az 2023-cü ildən öncə dünyada yaşayanan ən dəhşətli zəlzələləri xatırladır.
Dünya tarixində ən güclü zəlzələ 1960-cı il mayın 22-də Çilidə baş verib. Təxminən 1000 kilometr ərazidə hiss edilən 9,5 bal gücündə zəlzələ nəticəsində 1655 nəfər həyatını itirib, 3 min nəfər yaralanıb, 2 milyon insan evsiz qalıb. Ölkəyə 550 milyon dollar ziyan vuran zəlzələ nəticəsində meydana gələn sunami 10 min kilometrlik əraziyə yayılaraq Havay, Yaponiya və Filippinə qədər uzanıb. Nəhəng dalğalar nəticəsində Havayda 61, Yaponiyada 138, Filippində 32 nəfər həlak olub.
İkinci ən güclü zəlzələ olaraq qeydə alınan Alyaska zəlzələsi 28 mart 1964-cü ildə baş verib. Üç dəqiqə davam edən 9,2 bal gücündə zəlzələ sunamiyə səbəb olub. Zəlzələ və onu izləyən nəhəng dalğalar 128 nəfərin ölümünə və təxminən 310 milyon dollar ziyana səbəb olub. Bu böyüklükdə baş verən zəlzələdə ölənlərin sayının az olması möcüzə sayılırdı.
Bu günə qədər ən uzun zəlzələ Sumatrada, 26 dekabr 2004-cü ildə baş verib. 9,1 bal gücündə zəlzələ təxminən 10 dəqiqə davam edib. Zəlzələ nəticəsində nəhəng dalğalar Asiyanın şimalında və Afrikanın şərqində yerləşən 14 ölkə ilə yanaşı İndoneziyaya da təsir edib. Ən ölümcül təbii fəlakətlərdən biri sayılan zəlzələdə təxminən 230 min insan həyatını itirdi. Zəlzələ və sunami səbəbindən 1 milyon 700 min insan evsiz qalıb.
Təxminən 3 ay sonra bölgə yenidən sallanıb. 28 mart 2005-ci ildə Sumatrada yerin 30 kilometr dərinliyində 8,6 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakətdə 1400-dən çox insan həyatını itirərkən, zəlzələnin törətdiyi sunami nəticəsində yüzlərlə insan yaralanıb.
31 yanvar 1906-cı ildə Ekvador və Kolumbiya sahilləri yaxınlığında 8,8 bal gücündə zəlzələ baş verib, 1000-ə yaxın adam həlak olub. Zəlzələdən sonra meydana gələn sunami okeanı keçərək Yaponiyaya çatıb.
15 avqust 1950-ci ildə Tibetdə baş verən 8,6 bal gücündə zəlzələdə ən azı 1500 nəfər həlak olub. Çin və Hindistanın bir çox şəhərlərini də əhatə edən zəlzələ torpaq sürüşməsinə səbəb olub. Nəticədə yüzlərlə binaya ziyan dəyib.
4 noyabr 1952-ci ildə Rusiyanın şimal-şərqindəki Kamçatkada baş verən 9 bal gücündə zəlzələ Havay sahillərində yüksək dalğaların yaranmasına səbəb oldu. Təbii fəlakət nəticəsində insan tələfatı olmayıb və 1 milyon dollar zərər dəyib.
4 fevral 1965-ci ildə Alyaskanın Rat adaları yaxınlığında müşahidə edilən 8,7 bal gücündə zəlzələ 10 metr hündürlüyündə sunamiyə səbəb oldu. Kiçik dağıntılara səbəb olan zəlzələdə insan tələfatı olmayıb.
Daha yaxın keçmiş...
Son illərin ən güclü zəlzələsi İndoneziyanın Sumatra adası yaxınlığında olub. 9,1 bal gücündə olan zəlzələ bir neçə Asiya ölkəsinə 20 futluq dalğalar göndərən sunamiyə təkan verib. Təxminən 230 min insan həlak olub.
8 oktyabr 2005-ci ildə Pakistanın şimalındakı dağlarda baş verən 7,6 bal gücündə zəlzələ 80 min insanın ölümünə səbəb olub. Zəlzələ ölkənin Kəşmir bölgəsində çiy kərpicdən tikilmiş bütün kəndləri dağıdıb və torpaq sürüşmələrinə səbəb olub.
Çində 2008-ci il mayın 12-də ölkənin mərkəzi hissəsindəki Siçuan əyalətində baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində 90 000-ə yaxın insan həlak olub. Zəlzələ 122 milyard dollardan çox birbaşa iqtisadi itkiyə səbəb olub.
2011-ci il martın 11-də Yaponiyanın Tohoku bölgəsində baş verən zəlzələ bu günə qədər ölkədə ən güclü zəlzələ kimi qeydə alınıb. 9 bal gücündə zəlzələ okeanın dibində 1 kilometrlik qırıq yaradıb və nəticədə ölkənin şimal-şərq sahillərində sunami baş verib. Zəlzələ və ardından gələn sunami nəticəsində 19 min insanın həyatını itirməsinə əlavə olaraq, Fukusima Atom Elektrik Stansiyasında sızma baş verib.
27 fevral 2010-cu ildə Çilidə baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində 500-dən çox insan həyatını itirib, minlərlə insan yaralanıb. Zəlzələdən sonra Çili ilə yanaşı, Peru, Ekvador, Kolumbiya, Kosta Rika və Panama kimi Latın Amerikası ölkələri sunamidən zərər çəkib. 30 milyard dollarlıq ziyana səbəb olan zəlzələdə 1,8 milyon insan zərər çəkmiş, 500 mindən çox ev isə təmir oluna bilməyəcək dərəcədə zədələnib.
2010-cu il fevralın 27-də Çili sahillərində baş verən 8,8 bal gücündə zəlzələ nəticəsində azı 700 nəfər həlak olub. Ölkənin 1,5 milyona yaxın sakini zərər çəkib, 500 min evə ciddi ziyan dəyib. Zəlzələ Çili adalarından birində bir neçə nəfərin ölümünə səbəb olan sunamiyə səbəb olub.
2010-cu il yanvarın 12-də Haitinin paytaxtı Port-o-Prinsdə 7 bal gücündə zəlzələ baş vermiş, nəticədə 316 000 nəfər həlak olub. Zəlzələ 1,5 milyon insanı evsiz qoyub.
2013-cü il sentyabrın 24-də Pakistanın ucqar, cənub-qərbdəki Bəlucistan əyalətində 7,7 bal gücündə zəlzələ baş verib və nəticədə ən azı 825 nəfər həlak olub. Dalbadi şəhərində kəndin 350 evinin demək olar ki, hamısı dağılıb.
Nepalda 2015-ci ildə 7,8 ballıq zəlzələ 8 min insanın ölümünə səbəb olub.
Qeyd edək ki, yazı bir neçə xarici KİV-də gedən materaillar əsasında hazırlanıb.