Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açmasını qadağan edən yeni qaydalar qüvvəyə minib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, oktyabrın 10-da Rəsmi Qəzetdə dərc olunan və noyabrın 1-dən tətbiqinə başlanılan qaydalara əsasən, sosial media platformaları 15 yaşını tamamlamayan şəxslərin yeni hesab açmaq müraciətlərini qəbul etməyəcək.
Yeni sistemdə yaşın təsdiqlənməsi elektron hökumət (e-Devlet) üzərindən yaradılacaq xüsusi təsdiq vasitəsi ilə həyata keçiriləcək. İstifadəçilər həmin təsdiqi hesab açmaq istədikləri platformaya təqdim etməlidirlər.
Qaydalar mövcud hesablara da şamil olunur. Platformalar əvvəlcədən yaradılmış hesabların yaş yoxlamasını 31 mart 2027-ci ilədək tamamlamalıdır. Yaşı 15-dən az olan şəxslərin hesabları isə bağlanacaq.
15-17 yaş arası istifadəçilərin hesabları gizli olacaq. Onlar canlı yayım aça bilməyəcək, yalnız izlədikləri hesablardan mesaj ala biləcəklər.
Bundan başqa, valideynlər övladlarının sosial şəbəkələrdə keçirdiyi vaxta nəzarət edə və ödənişli əməliyyatlara məhdudiyyət qoya biləcəklər.