"Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyası üçün müzakirələr vacibdir" -

"Azərbaycan dəfələrlə bildirib ki, Qarabağda yaşayan vətəndaşlarımızla istənilən danışıqları aparmağa hazırdır, çünki biz separatçılarla və etnik terrorçuluq törədən quldurlarla ünsiyyət qurmuruq və onları leqal tərəf kimi tanımırıq. Bu müzakirələrin effektiv olması üçün Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşları olmalıdırlar".

Bu fikirləri Metbuat.az-a açıqlamasında STM-in sektor müdiri, politoloq Tural İsmayılov deyib. Müsahibimiz bildirdi ki, Qarabağda yaşayan ermənilərə qarşı separatçılar və onların havadarları uzun illər müxtəlif təzyiqlər edərək Azərbaycana qarşı siyasi oyuncaq kimi istifadə etməyə çalışıblar. Ekspert hesab edir ki, elə bu baxımdan da Azərbaycanın ermənilərlə danışıqları labüd idi.


Tural İsmayılov

"Nəzərə almaq lazımdır artıq 10 noyabr bəyanatının üzərindən xeyli müddət keçib. Həmçinin ortada Ermənistanın təxribatları üzündən gerçəkləşməyən. Soçi və Praqa bəyanatları da var. Gələn il rus sülhməramlılarının fəaliyyət müddəti başa çatır. Bu kontekstdə Azərbaycan mütləq orada yaşayan ermənilərlə hansısa formada danışıqlar aparmalıdır və onların Azərbaycan dövlətinə, cəmiyyətinə inteqrasiyası üçün bu addım labüddür".

Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində iştirakını yüksək dəyərləndirən Tural İsmayılov qeyd etdi ki, rus sülhməramlılarının müşayiəti altında belə görüşlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

"Ramil Məmmədov kifayət qədər perspektivli gənc millət vəkillərindən biri hesab edilir. İctimai siyasi proseslərdə də həmişə ön sıralarda yer alır və eyni zamanda beynəlxalq münasibətlər sahəsində təcrübəsi olan bir şəxs hesab edilir. Bu baxımdan bu təyinatın və bundan sonra ermənilərlə danışıqların uğurla davam edəcəyini düşünürəm. İstənilən halda vaxt azalır və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, separatçı ünsürlərin bu prosesdə rolunun tamamilə kənarlaşdırılması üçün belə danışıqların mütəmadi aparılması vacibdir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR