ABŞ Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib. Bildirilib ki, Tayvana 100 ədəd "AGM-88B HARM" tipli radar əleyhinə 100raket və "AMRAAM" tipli 200 ədəd hava-hava raketinin satışına icazə verilib. Ümumilikdə 619 milyon dollara başa gələcək satışın Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat qabiliyyətini artıracağı vurğulanıb. Qeyd edək ki, F-16 döyüş təyyarələrində istifadə edilən raket və avadanlıqlar ABŞ-ın müdafiə şirkətləri “Raytheon” və “Lockheed Martin” tərəfindən istehsal olunur.