"Ulu öndər xalqımızın arzu və istəklərini reallaşdırdı" -

B gün tanınmış siyasi - ictimai xadim, Respublika Veteranlar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əlövsət Məmmədşah oğlu Baxışovun doğum günüdür.

Əlövsət Baxışovun ordu sıralarında və xalq təsərrüfatının inkişafı sahəsindəki xidmətləri müstəqil Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2 dəfə Lenin, “Qırmızı Bayraq” ordenləri ilə və vətənə nümunəvi xidmətlərinə görə 14 medalla təltif olunmuşdur. Uzun illər ictimai işlərdə təcrübə qazanmış Əlövsət Baxışov 1993–1998–ci illərdə respublikada keçirilən prezident seçkilərində dahi siyasətçi ulu öndər Heydər Əliyevin vəkili olmuşdur.

Metbuat.az onun övladı Vəfa Əlövsətqızının atası və ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini təqdim edir:

Atam - tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əlövsət Məmmədşah oğlu Baxışov 1954-cü ildə ulu öndər Heydər Əliyevlə birgə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Atam bu illəri xatırlayarkən deyirdi: "Onunla həmfikir, həmsöhbət olmaq çox gözəl bir hissdir. Mən bu hissi yaşadığım üçün çox qürurluyam. Bir yerdə təhsil almaq, eyni auditoriyanı bölüşmək, ünsiyyətdə olmaq, eyni dəhlizləri addımlamaq, mühazirələri birgə dinləyib eyni pedaqoqların tədrisinə yiyələnmək deməkdir. Bizimlə birlikdə təhsil alanlar sırasında orta pedaqoji təhsilə malik müəllimlər, dövlət aparatında, hüquq-mühafizə orqanlarında, ictimai təşkilatlarda çalışanlar da var idi. Heydər Əliyev təhsilə xüsusi yanaşması ilə nəinki hər kəsdən seçilirdi, mühazirələri dinlədikdən sonra onu olduğu kimi danışmaq imkanına malik idi. Heç vaxt özünü biz tələbələrdən ayırmaz, hər birimizlə sadə dildə danışardı.


Ə.Baxışov 1923-cü ildə Quba rayonunun Əmsar kəndində anadan olmuşdur. Hələ kiçik yaşlarından müəllim olmaq arzusunda olan Ə.Baxışov pedaqoji təhsilini başa vurduqdan sonra Quba rayonunun Xənəgah kənd yeddillik məktəbində müəllim işləmişdir. Sevib-seçdiyi peşəsinə nə qədər bağlı olsa da, İkinci Dünya müharibəsi illərində - Vətənin ağır günlərində onun müdafiəsində dayanmaq arzusu onu rahat buraxmırdı. Buna görə də qətiyyətlə orduya getməyə qərar verir və Amsar kəndindən 300 nəfər ordu sıralarına yola düşən könüllülərin dəstəsinə qoşulur. Zaqafqaziya cəbhəsində hava hücumundan müdafiə hissəsində xidmətə başlayan Ə.Baxışov həmin illərdə bir neçə hərbi ixtisasa yiyələnir. Hərbi komandanlıq tərəfindən radiorabitə sistemlərini bilən, radio-teleqraf qurğularını işə salmağı bacaran hərbi kadrların hazırlanması da ona həvalə edilir. 8 illik hərbi xidmət Əlövsət Baxışova igidlik, Vətənə sədaqətlə xidmət etmək üçün əsl məktəb olur. Ordudan tərxis olunduqdan sonra isə doğma rayonuna qayıdır və 1951-1954-cü illərdə komsomol və partiya işlərində irəli çəkilir. O, 1952-ci ildə Müəllimlər İnstitutunu, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir və həmin il Ali Partiya Məktəbinə müdavim olur. Dahi şəxsiyyət Heydər Əliyevlə MK-nın plenumlarında, Ali sovetin sessiyalarında tez-tez görüşərdi: "Heydər Əliyev hamı ilə olduğu kimi, mənimlə də səmimi görüşərdi. KP MK-nın birinci katibi seçildikdən sonra bizim görüşlərimiz daha yaxından və ardıcıl xarakter daşıyırdı. Mən onunla ikili görüşlərdə hələ bir dəfə də olsun 6 il birlikdə təhsil almağımızı xatırlatmadım.. O belə işləri sevmirdi. Lakin mənim işlə əlaqədar təkliflərimi sonadək dinləyər və dəyərli məsləhətlərini verərdi. İllərlə Heydər Əliyevin hafizəsinə heyranlıqla yanaşmışam. Uzun illər əvvəl baş vermiş hadisələri olduğu kimi xatırlayarkən onun fenomen yaddaşına heyrətlənməmək olmazdı", - deyə atam xatırlayardı.

969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə edilən nailiyyətlər müstəqilliyimizin bərpasından sonra respublikamız üçün çox gərəkli oldu. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan ulu öndər bu dəfə də respublikanı çətin vəziyyətdən çıxarmaqla bərabər, həm də xalqı qardaş qırğınından xilas etdi. Heydər Əliyevin ölkəmizin daxili və xarici siyasət sükanı arxasında mərdliklə duraraq xalqımızın milli mənafeyini müdafiə etməsi, iqtisadiyyatımızın mühüm məsələlərini ardıcıl şəkildə həll etməsi, respublika veteranlarının qəlbində əsl iftixar hissi yaratmışdır. Gərgin iş rejiminə baxmayaraq, Heydər Əliyev veteranların qayğılarını da unutmur, onlar ilə ildə bir neçə dəfə görüşür, faydalı məsləhətlər verir, respublika təşkilatlarının bu sahədə vəzifələrini müəyyənləşdirirdi. Onu da qeyd edim ki, 1992-1993-cü illərdə veteranlara, el ağsaqqallarına olan münasibət olduqca pis idi. Artıq iş o yerə çatmışdı ki, veteranların çoxu Böyük Vətən müharibəsi illərində qanları bahasına aldıqları orden və medallarını gəzdirməyə utanır, hətta bəzən qorxurdular. Bu gün razılıq hissilə qeyd edirəm ki, Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə veteranlara qarşı münasibət tezliklə doğru istiqamət alaraq veteran təşkilatlarına məhsuldar fəaliyyət üçün geniş imkanlar açdı. Dahi liderin bir qrup veteranla görüş keçirməsi, 5 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə Respublika sarayında keçirilən təntənəli iclasda onun nitqi və sonradan hər il qələbə bayramında veteranlarla görüşləri, veteranlar haqqında qanunun qəbul edilməsi, 9 May - Qələbə Gününün bərpa edilməsi, yaşlı nəslin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar digər normativ aktların qəbulu buna parlaq misaldır.

Əlövsət Baxışov 1959-1979-cu illərdə ardıcıl olaraq Quba, Dəvəçi, Şamaxı, İsmayıllı, Masallı, Gədəbəy rayonlarında partiya komitəsinin birinci katibi vəzifələrində çalışmışdı. 10 il Kənd Təsərrüfatı Nazirliyində Baş İdarəyə rəhbərlik etmişdi. Birinci katib işlədiyi 30 il müddətində rayonların iqtisadiyyatının və mədəniyyətinin inkişaf etdirilməsi, abadlıq və quruculuq işlərinin aparılması, səhiyyə-sağlamlıq müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması üçün böyük əmək sərf edən Əlövsət Baxışov 4 çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. O, respublikamızın inkişafındakı xidmətlərinə görə 5 orden, 14 medalla təltif olunmuşdur. Qazandığı bu mükafatlara görə isə hər zaman ümummilli lider Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə sonsuz minnətdar olmuşdur. O, qəlbən, ruhən, ümummilli lider Heydər Əliyevə, onun siyasi kursuna hər zaman sadiq qalmışdır.

Atamın xatirə yazılarından daha bir bir xatirəni ilk dəfə açıqlamağı özümə şərəf bilirəm: 1969-cu ilə təsadüf edən növbəti əlamətdar bir hadisə. Azərbaycana gələn ali qonaqların hava limanında qarşılanma mərasimi keçirilirdi. Mərasimdə dahi şəxsiyyət Heydər Əliyev də iştirak edirdi. Qarşılanma mərasimi yüksək səviyyədə keçirilirdi. Heydər Əliyev qonaqları qarşılayırdı, hər kəs yüksək əhvali-ruhiyyə içində idi. Məktəblilərin əllərində tutduğu çiçəklər isə görüşə xüsusi bir rəngarənglik qatmışdı. Hər kəsin üzündə sevinc hissi aydın görünürdü. Lakin əlində çox böyük çiçək dəstəsi tutan 5 yaşlı bir qızcığazın rəngarəng izdihamda çaşqın halda duruxub qalması dahi şəxsiyyətin gözündən yayınmadı. Və güldü. Gülərək əlində gül dəstəsi tutan bu balaca qızı qucağına alaraq yanağından öpdü, əlində gətirdiyi iri çiçək dəstəsini ali qonağa təqdim etmək üçün onu qucağına alaraq yardım etdi. Bu təəssürat onun simasına xoş bir təsir bağışlamışdı.

Artıq o illər geridə qalsa da, o əzəmətli şəxsiyyətin biləklərindən aldığım gücü, öz qollarımda, vuran ürəyimdə daşıyıram. Ovcumda tutduğum çicəklər isə bu sevgini bənzərsiz bir ömür yolu keçən, qayğıkeş, istiqəlbli bir insanın güclü qolları ilə bütün bir Azərbaycanı qucaqlayan dahinin köksünə daşıyır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı sərəncam imzalaması hər birimizin ürəyindən xəbər verdi, xalqımıza böyük töhfə oldu. Buna görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu xalqın vətəndaşı olaraq sonsuz minnətdarlığımı bildirirəm.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR