“Seçkilərdə səhv etmək, uduzmaq barədə düşünə bilmərik” -

Hazırda Türkiyədə əsas diqqət qarşıdakı prezident və parlament seçkilərinə yönəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkisində namizəd olacağını açıqlayıb, lakin onun rəqibləri, xüsusən də “altılı ittifaqı”nda Ərdoğanın qarşısında dayana bilmək üçün hansı addımlar atacağını götür-qoy edirlər.

Türkiyədəki seçkilərlə bağlı Metbuat.az Türkiyə Cümhuriyyəti AK Partiya millət vəkili Yavuz Subaşından özəl müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:


Türkiyə Cümhuriyyəti AK Partiya millət vəkili Yavuz Subaşı

AKP-nin seçki strategiyasını necə qiymətləndirirsiniz, bu seçkilərdə əsas hədəf mərkəzləri nələr olacaq?

“Hazırkı seçkilərlə bağlı yeganə məqsədimiz prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yenidən qalib gəlməsidir. Biz mayın 14-də keçiriləcək seçkilərə bacardığımız qədər böyük səylə hazırlaşırıq. Bildiyiniz kimi, 11 fevral tarixində əsrin zəlzələsi adlandıra biləcəyimiz böyük fəlakət baş verdi. Öncə bütün dünyanın diqqətini çəkən bu zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, millətimizə can sağlığı arzulayıram. Xəstəxanalarda müalicə alan yaralı vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram. Təbii ki, yas əhval-ruhiyyəsində seçkiyə gedəcəyik. Bu müddət və seçki günü də musiqiyə, çal-çağıra həvəs olmayacaq. AKP olaraq sadə, sakit və kədərli bir mühitdə təbliğat dövrü keçirmək niyyətindəyik. Hazırda seçki ilə bağlı fəaliyyət planı, strateji, veriləcək vədlər üzərində də partiyamızın səlahiyyətli orqanı məşğul olur. Türkiyə olaraq bir tərəfdən zəlzələnin yaralarını sarmağa çalışdığımız ərəfədə, digər tərəfdən də dağılmış binaların bərpasına yönəlmiş işlər görürük. Bu müddət ərzində seçki ilə bağlı iş qrafiki və tədbirlər planı hazırlayacağıq. Vətəndaşlarımızın iqtisadi və sosial həyatının yaxşılaşdırılması ilə yanaşı, Türkiyənin inkişafı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində gələcək planlar da əsas hədəf və məqsədlərimizə daxildir”.

Bildiyiniz kimi, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu oldu. AKP üçün hansı rəqib daha güclüdür?

“Onlar son bir il ərzində onlar 13 görüş keçiriblər. Hər dəfə bir yerə yığışıb müzakirəyə başlayanda da, heç bir müsbət nəticənin olduğunu görməmişik. İki gün öncə “altılı masa” dağılsa da, çox keçmədi ki, yenidən bir yerə yığışıb sövdələşməyə başladılar. Ümumiyyətlə, bu hərəkətlər onların səmimi və güclü olmadığını göstərir. İstər altı, istər yeddi partiya olsun bir qurum olaraq Rəcəb Tayyib Ərdoğana qarşı yarışsalar da, Türkiyə xalqı yeganə namizədinin kim olduğuna zərrə qədər də şübhə duymur. Biz millətimizə güvənirik”.

Mətbuatda belə fikirlər var ki, qarşıdan gələn seçkilərdə mövcud iqtidar Türkiyənin xarici siyasətində apardığı mövqeyə görə, Qərb tərəfindən dəstəklənmir. Bunlarla bağlı fikirləriniz necədir?

“Bizim nə Amerika, nə Çin, nə Rusiya, nə Almaniya, nə də Fransa güvən mənbəyimizdir. Hazırkı Amerika prezidenti açıqlamalarının birində demişdi ki, biz müxalifətlə əməkdaşlıq edib, Rəcəb Tayyib Ərdoğanı devirəcəyik. Nə Fransanın Makronu, nə Almaniyanın rəhbərliyi, İngiltərənin partiya başçıları, liderləri və dövlət rəsmiləri güclü Türkiyə istəmirlər. Onların niyyəti Rəcəb Tayyib Ərdoğanı devirməkdir. Türkiyə xalqı bunu gördüyü üçün də “Rəcəb Tayyib Ərdoğan!” deyir. İnanırıq ki, bu qlobal imperialist güclərin bütün cəhdlərinə qarşı möhtərəm Prezidentimiz seçkilərdə problemsiz qalib gələcəkdir. Bu, keçdiyimiz ilk seçki yolu deyil, Rəcəb Tayyib Ərdoğana da birinci dəfə deyil ki, dəstək oluruq. Əvvəlki seçkilərdə bugünkü Almaniya kansleri, Merkel, Bayden yox idi amma Tramp var idi, Fransa lideri Makron olmasa da, ondan əvvəl var olan prezidentlər mövcud idi. 20 ildir ki, Prezidentimizin ölkəmizi haradan götürüb, hansı istiqamətə gətirdiyini hamımız bir yerdə görüb, bir yerdə yaşamışıq. Buna görə əvvəl Allaha şükür edir, sonra seçicilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirik”.

Baş verən zəlzələdə AKP-ni günahlandıranların fikirləri seçkiyə necə təsir edə bilər?

“Türkiyədə baş verən son 100 ilin ən dağıdıcı zəlzələsi nəticəsində ölkənin 10 əyalətində - Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Minlərlə insanın ölümünə, xəsarət almasına, 10 mindən çox binanın dağılmasına səbəb olan yeraltı təkanlar 2011-ci ildə baş verən Van zəlzələsindən sonra Türkiyə hökumətinin qəbul etdiyi “Kentsel dönüşüm” proqramlarının əhəmiyyətini gündəmə gətirdi. O zaman iri şəhərlərdə binaların mütləq əksəriyyətinin zəlzələyə davamlı olmaması aşkarlanmışdı. Harada CHP bələdiyyəsi varsa, o bələdiyyə gedib məhkəmə qərarı ilə “Kentsel dönüşüm” qərarını ləğv edir. Ona görə də minlərlə insan öldü. “Kentsel dönüşüm” mərkəzi hökumətin sütunudur, onun bir sahibi vətəndaşdır. Deməli, vətəndaş mülkün sahibidir. İnşallah seçkilərdən sonra ediləcək hüquqi tənzimləmə ilə hökumət və Ekologiya və Şəhərsalma Nazirliyi bu işi davam etdirəcək. Razılıq olarsa, bəlkə rayon bələdiyyələrinin fəaliyyəti də dayandırılacaqdır. Çünki Cümhuriyyət Xalq Partiyası bu ölkənin adına insanlara faydalı olduğu deyilən hər şeyə qarşı çıxan bir partiyadır”.

AKP seçkilərdə qalib gəlsə, hansı yeniliklər gözlənilir?

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, biz AK partiyanı yaradarkən insanları rahat yaşatmaq prinsipi çərçivəsində xalqa bağlı partiya olaraq işimizi həyata keçirmişik. Zəlzələdən zərər çəkən iş adamlarının bütün vergiləri və sığortaları, dövlətə olan borcları silinəcək. Ailə üzvləri dünyasını dəyişənlərin hər birinə əxminən 1000 TL pulsuz dəstək veriləcək. Təbii ki, həm hökumətimiz, həm qeyri-hökumət təşkilatlarımız, həm də könüllü təşkilatlarımız zəlzələdən əvvəl olduğu kimi o şəhərlərdə iqtisadi, sosial və siyasi inkişafı təmin etmək üçün lazımi işləri görəcəklər. Məqsədimiz Türkiyəmizi dünyanın ən yaxşı 10 iqtisadiyyatı olan ölkələr sırasına daxil etmək olacaq. Təbii ki, bunu edərkən biz müdafiə sənayemizi də gücləndirmək istəyirik. Müdafiə sənayemizin inkişafı davam etməlidir. Birinci partiya olaraq xalqımızın sayəsində bu günlərə gəlmişik. Buna görə vətəndaşlarımıza təşəkkür edirik. Mayın 14-də keçiriləcək seçkilərdə səhv etmək, hətta seçkidə uduzmaq barədə düşünə bilmərik. Yeni iş proqramı hazırlayacağıq. Bu hiss və düşüncələrlə ümid edirəm ki, mayın 14-də keçiriləcək seçkilər ölkəmiz üçün faydalı olacaq”.

Müsahibə üçün təşəkkür edirik.

“Mən təşəkkür edirəm, can Azərbaycana gözəl Türkiyəmizdən ən xoş salamlarımızı çatdırırıq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR