Kalının Vaşinqton GÜNDƏLİYİ:

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

Danışıqlar zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Kalının səfərini şərh edən politoloq İlyas Hüseynov Metbuat.az-a açıqlamasında bildirdi ki, Türkiyədə prezident və parlament seçkilərinin başladığı dönəmdə Ərdoğanın ən yaxın adamlarından olan İbrahim Kalının ABŞ-a səfər etməsi qarşıdan gələn önəmli seçkilərlə izah olunur.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

İlyas Hüseynov - Politoloq

"Kalın Türkiyənin xarici siyasətinin formalaşmasında iştirak edən məmurlar siyahısına daxildir. Hətta Kalının vitse-prezidentliyə namizəd kimi seçki kampaniyasına qatılacağı və seçki kampaniyasında Ərdoğanı dəstəkləyəcəyi ehtimal olunur. Digər tərəfdən, İ.Kalın ABŞ-da təhsil alıb və Vaşinqtonda siyasi əlaqələri mövcuddur".

İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan

Politoloq hesab edir ki, seçkilərin tarixinin rəsmi elanından dərhal sonra İbrahim Kalının Vaşinqtona səfəri iki əsas amillə bağlıdır:

"Birincisi, Kalın Vaşinqtonda ABŞ siyasi dairələri ilə seçkini müzakirə edəcək və ola bilsin ki, Vaşinqtonda Türkiyəyə yaxın siyasi qüvvələrdən seçki prosesində AKP hökumətini aktiv şəkildə dəstəkləmələrini istəyəcək və Vaşinqtondan Türkiyədəki seçkilərdə mümkün qədər bitərəfliyə nail olmağa çalışacaq. Çünki hazırkı bəzi neqativ rəylərə görə, ABŞ Ərdoğanı siyasi səhnədən çıxarmaq üçün mümkün təsir rıçaqlarından istifadə edəcək. Bu, ən azı AKP iqtidarı üçün seçki kampaniyasında mənfi bir imici formalaşdırır. İkinci mühüm səbəb ABŞ-da güclü türk diasporu ilə seçkiqabağı fəaliyyətlərin koordinasiyasıdır. Çünki türk diasporunun həm birbaşa seçkilərdə səs vermək, həm də seçkiqabağı kampaniyaya dəstək vermək baxımından ciddi imkanları var. Onu da qeyd etməliyik ki, son seçkilərin nəticələrinə görə, ABŞ-da cəmi 106 min türk seçicinin olduğu üzə çıxıb. Aydındır ki, onların səsləri ümumi seçkilərə ciddi təsir göstərə bilməz, lakin unutmaq lazım deyil ki, xaricdəki vətəndaşlar Türkiyədə seçicilərdən əvvəl səs verir və bununla da seçki əhval-ruhiyyəsinə təsir edə bilərlər".

İlyas Hüseynov onu da ifadə etdi ki, yüksək rütbəli dövlət xadimlərinin, nazirlərin və prezidentin mətbuat katibinin ABŞ-a səfəri zamanı heç bir sənəd və saziş imzalanmayacaq. Politoloq qeyd etdi ki, Kalının Vaşinqtona işgüzar səfərinin onun növbəti dövrdə xarici siyasət üzrə vitse-prezident təyin olunması üçün məşq olması da mümkündür.

"Bütün hallarda bu səfərin mayın 14-də keçiriləcək seçkilərlə bağlı olduğunu indidən söyləmək olar. Güclü strateq kimi özünü nümayiş etdirən və çoxlarının hormətini qazanan cənab Kalının Vaşinqtondan hansı güzəşt və imtiyazlarla gəldiyini seçki kampaniyasının gedişində görəcəyik".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR