“İlk 20 dəqiqə çətin keçdi. Meydanda yox idik, oyuna nəzarəti itirmişdik”.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
65 yaşlı mütəxəssis ilk hissənin ortalarına doğru təşəbbüsü ələ aldıqlarını bildirib:
“Qapımızı toxunulmaz saxlamaq istədik, amma alınmadı. Ümumilikdə inamlı təsir bağışladıq. Eyni ruhda davam etməliyik”.
O, qrupdakı digər rəqibləri olan Belçika seçməsinin səfərdə İsveçi üç cavabsız qolla məğlub etməsinə də toxunub:
“Qırmızı şeytanlar”ın Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra dəyişəcəyi bəlli idi. Amma onların top-komanda olması hamıya bəllidir. Rəqibin oyununu görməmişəm. Lakin Stokholmda 0:3 hesabı ilə qalib gəlirsinizsə, bu, keyfiyyət əlamətidir”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də Solnada İsveçə qarşı keçirəcək.