"Azərbaycan Dəmir Yolları" ölkəyə yeni nəsil texnikalar gətirib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması üçün 303 ədəd platforma vaqon və 18 ədəd drezin alaraq ölkəyə gətirib.

Metbuat.az xəbər verir ki, bununla da səhmdar cəmiyyəti hərəkət tərkibini və maşın-mexanizmlər parkını son nəsil texnikalarla təchiz edib və beynəlxalq daşımalarda rəqabətədavamlılığını artırıb.

Bu gün media nümayəndələrinin iştirakı ilə Biləcəri yeni lokomotiv deposunda texnikaya baxış keçirilib. ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: ‘’Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.

QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov isə bildirib ki, yeni alınmış platforma vaqonlar tranzit daşımalarının, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq: "Məqsədimiz Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionun əsas nəqliyyat habına çevrilməsinə dəstək verməkdir. Yeni vaqonlardan əsasən Şərq-Qərb marşrutunda istifadə edilməsi, Çin, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn yüklərin Qara Dənizlə Avropaya daşınması planlaşdırılır".

Onun sözlərinə görə, quru yolla yükdaşımalarda əsas lokomotiv rolunu oynayan ADY ötən il 18 731 000 ton yük daşıyıb və əvvəlki illə müqayisədə 24,9 % artıma nail olub: "Bu ilin I rübündə isə səhmdar cəmiyyəti 4 441 970 ton yük daşıyıb və ötən ilin eyni dövrünə nisbətən 17 % artıma nail olub. Yükdaşımalarda artım Şimal-Cənub və Şimal-Qərb marşrutunda müşahidə edilir. Ölkəyə gətirilmiş bu yeni vaqonlar isə Altay zavodunun istehsalıdır, təkcə konteyner daşımaları üçün deyil, həmçinin meşə materialları - taxta şalban daşımaları üçün istifadə ediləcək. Yeni drezenlər isə Bakı-Böyük Kəsik dəmir yolu xəttində, eləcə də Qarabağda istismar olunacaq".

Baxış zamanı qeyd olunub ki, ADY yükdaşımaların fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR