"Formula 1": İlk sprint yarışı başlayır

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü də maraqlı idman mübarizəsi vəd edir.

Metbuat.az xəbər verir ki, dünya çempionatının dördüncü mərhələsi – Azərbaycan Qran-Prisində cari mövsümün ilk sprint yarışı təşkil olunacaq.

Saat 12:30-dan 13:30-dək sprint yarışı üçün təsnifat, saat 17:30-dan 18:30-dək sprint yürüşü baş tutacaq. Həmçinin Formula 2 yarışlarında qısa sprint yürüşü təşkil olunacaq. Yarış saat 15:15-də start götürəcək və 45 dəqiqə davam edəcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 və Formula 2 üzrə sərbəst və sıralanma yarışları təşkil olunub. Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar.

Formula 1 üzrə sərbəst yarışda “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir.

On komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Layihənin müəllifi bütün müasir Formula 1 treklərinin memarı olan Herman Tilkedir.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Aprelin 30-da Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı