Mayın 4-də Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.
Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Qeyd olundu ki, Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Prezident İlham Əliyev Güləbird kəndinin təməlini qoydu.