PSJ azarkeşlərinin reaksiyalarından sonra klub rəhbərliyi Neymara edilən təklifləri dəyərləndirmək qərarına gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat verib. Bildirilir ki, Lionel Messiyə verilən cəzadan sonra klubda gərginlik var. Klub rəhbərliyi Messi və Neymara olan reaksiyaları diqqətdə saxlayır.
Qeyd edək ki, PSJ azarkeşləri əvvəlcə “Parc de Prince” stadionunun qarşısında Messi əleyhinə şüarlar səsləndiriblər. Daha sonra fransız azarkeşlər Neymarın evinə gedərək braziliyalı futbolçuya etiraz ediblər. Buna səbəb klubun son oyunda biabırçı məğlubiyyəti olub. 31 yaşlı hücumçu “İnstagram” səhifəsində baş verənlərə kədərli şəkildə reaksiya verib. “Onlar yenicə mənim qapımın kandarından aralandılar”, - Neymar qeyd edib və paylaşımına ağlayan emojilər əlavə edib. Qeyd edək ki, PSJ klubu son turda “Loryan”a 1:3 məğlub olub.